BAKI, 10 okt — Sputnik. Hər bir qadının geyim dolabında bir dənə də olsa dar geyimi var. Ya şalvar, ya ətək, ya da dar köynək. Bəzilərinin isə dolabı sadəcə, dar geyimlərlə doludur. Lakin bu dar geyimlərin orqanizmə zərərləri də olur.
Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına səbəb olur.
Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilər. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər.
Əsasən qış aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də sağlamlıq baxımından təhlükəli olduğu bildirilir. Tül corablar, günlük həyatda istifadə edilən kapron corablar da bu qəbildən olanlardır.
Əsasən də revmatizm-yel xəstəliyindən şikayəti olanlar bu cür geyimlərlə öz xəstəliklərini daha da qüvvətləndirirlər. Eyni zamanda dar geyimlərin digər bir zərəri də qan dövranına maneə törətməsidir. Bu geyimə görə bədənin bəzi bölgələrinə gec çatan qan insanın üşüməsinə səbəb olur.
Qadınların ayaq hissədən daha çox üşüməsi və soyuqlaması bir çox xəstəliyə səbəb olur. El arasında bir məsəl də var, “ayağını isti saxla, başını sərin”. Mütəxəssislər bildirir ki, xüsusilə gənc qızlar buna diqqət etməlidirlər. Amma gözəl olmaq, incə və zərif görünmək məqsədi ilə paltarlar diqqətli seçilmir.
Gənc qızların istifadə etdiyi dar paltarların parçaları bədənə yapışdığı üçün soyuq hava birbaşa bədənə təsir edir. Halbuki gen-bol bir şalvar arada hava boşluğu yaradır və çöldəki soyuq hava birbaşa bədənə təsir etmir. Tez-tez sidiyə gedən, qarın boşluğunda sancılar olan və cinsi orqanından maye gələn qadınlar bu xəstəlikləri məhz dar geyimin sayəsində qazanırlar.