BAKI, 9 okt — Sputnik. Azərbaycanda seçikiöncəsi vəziyyət stabil və qənaətbəxşdir. Bunu Sputnik-ə açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) 1400-ə yaxın şəxsin namizədliyini qeydə alıb. “Artıq bu o deməkdir ki, ölkədə demokratik ab-hava və rəqabət mühiti formalaşıb. İsətnilən vətəndaş öz namizədliyni verib şansını sınaya bilər”, — deyə politoloq vurğulayıb.
Abbasov bildirib ki, seçkiöncəsi təşviqat kampaniyasında siyasi partiya və birliklərin aparacağı rəqabət mühitini o qədər də yüksək hesab etmir. “Çünki Azərbaycan reallığında lider partiya ancaq YAP-dır. Digər partiyalar həm ölkənin ictimai-siyasi həyatındakı zəif rolları baxımından, həm müxalif mövqedə dayandıqlarına, həm cəmiyyətdə etimadı doğrultmadığına görə uğurlu seçki kampaniyası aprmaq imkanlarına malik deyillər. Eyni zamanda onların seçdiyi strateji xətt səhv olduğundan uğurlu fəaliyyət göstərə bilmirlər. Belə ki, bu partiyalar özlərinin bacarıqsızlığının günahını da hakimiyyətdə görürlər və onun üzərinə atırlar”, — deyə politoloq bildirib.
Abbasov onu da əlavə edib ki, müxalif qüvvələr bir qayda olaraq seçki ərəfəsində peyda olur, müəyyən birliklər yaradırlar və proses başa çatan kimi dağılırlar, bir-birni ittiham edir və kölgəyə çəkilirlər. “Bu da insanların onlara olan inamının itriməsinə gətirib çıxarıb. Bu baxımdan da onların bu seçki kampaniyasında səmərəli fəaliyyət göstərəcəklərinə inanmıram”, — deyən politoloq əlavə etdi ki, ən çox narahatlıq doğuran gözləntilər kənar qüvvələrin seçkiöncəsi Azərbaycan daxilində yaradacağı qeyri-stabilliklə bağlı idi: “Kənar qüvvələr müəyyən müasir texnologiyalar vasitəsi ilə təxribatlar törətməklə Azərbaycan daxilində sabitliyi pozmağa cəhd edirdilər. Onların bu niyyəti uğursuzluğa düçar oldu. Onların ssenarisi və diqtəsi ilə hərəkət etmək istəyən qüvvələr öz niyyətlərini vaxtından əvvəl bəyan etdilər və özlərini cəmiyyətdə faş etmiş oldular. Ona görə də mən inanmıram ki, seçki gününə, seçki günü və seçkidən sonra Azərbaycanda hər hansı problem olsun. Bu gün Azərbaycanda ölkənin sabitliyinin təmin edilməsi istiqamətində aidiyyatı dövlət qurumları tərəfindən müəyyən təcrübə əldə edilib və bunun sayəsində ölkədəki sabitlik bundan sonra da qorunub saxlanacaq”.