BAKI, 9 okt — Sputnik. Bakı-Sumqayıt mağistralında keçid tikintisi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə səbəb olan tıxac problemi noyabrın sonunda həllini tapacaq. Bunu Sputnik-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə,Biləcəri sakinlərinin "Avtovağzal" metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq Bakı-Sumqayıt şossesində piyada keçidinin tikintisi noyabrın sonunda dekabrın əvvəlində başa çatacaq: “Orada iş aparan podratçı təşkilatlar əsas tikinti işlərini iki ay müddətində başa çatdıracaqlarına söz veriblər. Onlar işlərin noyabrın sonun dekabrın əvvəlində tamamlanacağını və bununla da Bakı-Sumqayıt magistralındakı avtomobillərin hərəkətindəki maneə məhdudiyyət aradan qalxmış olacaq.”
Paşayev deyib ki, hazırda keçidin tikintisinin qısa zamanda başa çatdırılması ilə bağlı qızğın iş gedir: “Biz avtomobillərin hərəkətinə mane olan problemin tez bir zamanda aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Amma bizdən asılı olmayan və tikintinin gedişi ilə bağlı texniki parametrlər var ki, bu da təbii olaraq vaxt tələb edir. Oan görə də sürücülərdən alternativ yollardan istifadə etməyi məsləhət görürük. Sürücülər iki ay rəzində alternativ yol kimi yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə etsələr yaxşı olar.”