BAKI, 8 okt-Sputnik. Ombudsmanların 13-cü növbəti Bakı Beynəlxalq konfransı cari ilin noyabrında keçiriləcək.
Bunu Sputnik-ə açıqlamasında İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib.
Süleymanovanın sözlərinə görə, konfransın noyabrın 12-də Konstitusiya günündə keçirilməsi planlaşdırılır.
"Bildiyiniz kimi ombudsmanların Bakı Beynəlxalq konfransı ənənəyə görə hər il 18 iyunda İnsan haqları günü qeyd edilirdi. Bu il iyunda Bakıda Birinci Avropa oyunları keçirildiyindən biz tədbirin keçirilmə vaxtını təxirə saldıq. Bu il müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasının 20 illik yubileyi olacaq və biz də istəyirik ki, konfrans noyabrın 12-də keçirilsin" — deyə Süleymanova qeyd edib.
Ombudsman bildirib ki, artıq bu istiqamətdə işlər gedir və toplantıda müxtəlif ölkələrdən nümayəndələr və ombudsmanlar iştirak edəcək.