SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müsavat və Azadlıq-2015 hələ seçki şüarını dəqiqləşdirməyib

© AZƏRTACMərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament partiyaları təbliğat-təşviqat kampaniyasına hazır olduqlarını bildiriblər.

BAKI, 8 okt-Sputnik. Oktyabrın 9-dan etibarən Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başlayır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Sputnik-ə açıqlamasında bildirib ki, hakim partiya 2015-ci il parlament seçkilərinə "Yeni hədəflərə doğru" şüarı ilə gedəcək. "Artıq YAP təşviqat-təbliğat kampaniyasına tam hazırdır və oktyabrın 9-dan etibarən bu kampaniyaya start veriləcək. YAP-ın namizədləri müvafiq yerli icra hakimiyyəti tərəfindən seçicilərlə görüş üçün ayrılmış yerlərdə mütəmadi olaraq görüşlər təşkil edəcək. Görüşlər YAP yerli Seçki qərargahları tərəfindən təşkil olunacaq. Əsas hədəfimiz bütün seçicilərlə görüş keçirib məramımızı və hədəfimizi onlara çatdırmaq, seçki fəallığını artırmaqdır" — deyə Paşayev vurğulayıb.
Paşayev onu da əlavə edib ki, YAP-ın namizədləri mətbuat vasitəsilə təbliğat kampaniyasını aparacaqlar. "Təbliğat zamanı əsasən öz media resurslarımız, xüsusən də yap.org.az və yap.seçki.az saytından istifadə etməyi planlaşdırırıq. Bundan əlavə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər bir namizəd digər KİV orqanı ilə müqavilə imzalayıb təbilağat kampaniyasını apara bilər."

Demokratik İslahlar Partiyasının Mətbuat Xidmətinin rəhbəri Ülkər Abdullayeva bildirib ki, partiya seçki kampaniyasına tam hazırdır: "Bizim seçki şüarımız, platformamız, təbliğat plakatlarımız, bukletlərimiz hazırdır. Namizədlərimizin olduğu ərazilərin icra hakimiyyətləri ilə danışıb seçicilərlə görüş üçün müvafiq günləri müəyyənləşdirmişik. Eyni zamanda namizədlərimizin təbliğatını aparacaq KİV-lərlə müvafiq müqavilələrimiz var. Bundan əlavə, seçicilərlə fərdi söhbətlər, "qapı-qapı" təbliğat kampaniyası da planlaşdırmışıq. Düşünürəm ki, Demokratik İslahatlar Partiyası uğurlu seçki kampaniyası aparmaq üçün bütün mümkün imkanlardan yararlanacaq."

Azadlıq — 2015 seçki blokunun həmsədri, Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev bildirib ki, həm blok olaraq, həm də partiya olaraq seçkiyə hazırdırlar və hazırda təşkilati işlərlə məşğuldurlar: "Namizədlərin qeydiyyata alınma dövründə blok üzvlərinə qarşı ciddi qanun pozuntuları oldu və hazırda bir neçə şəxslə bağlı MSK-ya şikayət olunub və onların məsələsi araşdırılır. Ona görə də, blok olaraq hələ ki, seçkilərdə hansı taktika və şüarla iştirak edəcəyimiz bəlli deyil. Bu məsələ yaxın günlərdə həllini tapacaq."
Əliyev onu da deyib ki, fərdi olaraq seçicilərlə birbaşa işləyib seçici fəallığının artırılmasına çalışacaqlar.

Müsavat Partiyasının sədr müavini Elman Fəttahov təşviqat kampaniyasına hazır olduqlarını deyib: "Sadəcə, partiya rəhbərliyi oktyabrın 10-na Divanın növbədənkənar iclasını çağırıb. Burada təşkilatın seçkidə iştirak forması və taktikası müzakirə olunacaq. Ondan sonra yekun qərar veriləcək."

BAXCP sədr müavini Elçin Mirzəbəyli isə bildirib ki, hazırda qeydiyyata alınan namizədlərin təbliğat-təşviqat materialları hazırlanmaqdadır: "Biz daha çox namizədlərin seçicilərlə birbaşa görüşünə üstünlük verəcəyik. Onların daha sıx təmaslarını təşkil edəcəyik."

Böyük Quruluş Partiyasinin sədri Fazil Mustafa da deyib ki, daha çox seçicilərlə birbaşa görüşlər keçirib seçici fəallığının artırılmasına çalışacaqlar.

Xəbər lenti
0