BAKI, 8 okt-Sputnik. İqtisadçı alim Qubad İbadoğlu Bakıda tıxacların aradan qaldırılması və bu məqsədlə rayon qeydiyyatında olan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı mövqeyini açıqlayıb.
Sputnik xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu bu barədə öz facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, dünyanın böyük şəhərlərinə xas olan bu problemin həllinin müxtəlif yolları olsa da, eyni ölkə daxilində avtomobillərin hərəkətinin bir ərazi vahidindən o birisinə daxil olmasının məhdudlaşdırılması praktikasına nadir hallarda rast gəlinir.
O bildirib ki, statistik məlumatlara görə San-Marinoda hər min nəfərə 1263 maşın düşür, ABŞ-da bu göstərici 1000-ə yaxınlaşır. 2015-ci il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 117 ədəd təşkil edib. Bu ilin ilk 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə avtomobil idxalının yarıya qədər azalmasına baxmayaraq, Bakı şəhərində avtomobil yollarında sıxlıq problemi hələ də tənzimlənməməsi müşkül olan problem kimi aktuallığını saxlayır. Dünyanın böyük şəhərlərinə xas olan bu problemin həllinin müxtəlif yolları olsa da, eyni ölkə daxilində avtomobillərin hərəkətinin bir ərazı vahidindən o birisinə daxil olmasının məhdudlaşdırılması praktikasına nadir hallarda rast gəlinir. Lakin, bəzi ölkələrdə bu problemin həlli üçün avtomobillərdə sərnişinlərin sayına məhdudiyyətlər qoyulması halları mövcuddur. Məsələn, Vaşinqtonda iş saatlarında paytaxta gedən və paytaxtdan gələn, sərnişinlərinin sayı 2 və ya 3-dən çox olan minik maşınları üçün ayrıca hərəkət zolağı vardır. Adətən bu zolaqda sıxlıq müşahidə olunmur. Bu qayda bir tərəfdən bir avtomobildə daşınan sərnişinlərin sayının səmərliliyini, digər tərəfdən də ekoloji saglamlığı təşviq edir. Odur ki, Azərbaycanda da rayondan gələn minik avtomobillərinin Bakı şəhərinə daxil olmasını məhdudlaşdırmaq əvəzinə, avtomobildə daşınan sərnişinlərin sayının stimullaşdırılmasına yönələn tədbirlər həyata keçirmək məqsədəmüvafiq olardı.
İkincisi, iş günləri ilə istirahət günlərində hərəkət tənzimlənməsi fərqli qaydalarda aparılmalıdır. Dünyanın Nyu-York və Vaşinqton kimi böyük şəhərlərdə istirahət və bayram günləri maşınlar üçün nəzərdə tutulan bələdiyyələrə məxsus olan park yerlərində ödəniş haqqı alınmır. Bu da həmin şəhərlərdə hərəkətin proporsionallığına müsbət təsir göstərir. Nəhayət, sıxlığın aradan qaldırılması məqsədilə ictimai nəqliyyatın hərəkətinin düzgün tənzimlənməsi çox vacibdir. Bunun üçün onların hərəkət marşrutlarının və dayanacaqlarının umumi istifadə olan yollardan ayrılması təcrübəsi də tətbiq oluna bilər.