BAKI, 7 okt — Sputnik. Dövlət səhiyyə ocaqlarının özəlləşdirilməsi məsələsinə baxıla bilər. Bunu maliyyə naziri Samir Şərifov deyib. Lakin onun sözlərinə görə, indiki məqamda bu tezdir və effektivliyini də demək bir az çətindir.
Bələdiyyə xəstəxanaalrının tikilməsi ilə bağlı səslənən fikirlərə mövqeyini açıqlayan nazir bildirdi ki, heç kim bələdiyyə xəstəxanaının tikintisi ilə bağlı bələdiyyələrə qadağa qoymur: “Əgər bələdiyyənin imkanı və belə bir xəstəxanaya ehtiyac varsa tiksin.”
Dövlət Universitetlərinin özəlləşdirilməsi ilə bağlı qaldırılan təklifə gəldikdə isə nazir bildirdi ki, indiki məqamda buna ehtiyac duyulmur: “Çünki son illərdə təhsil sahəsində aparılan islahatlar nəticəsində dövlət universitetlərinin maliyyələşməsi demək olar ki, minimuma enib. Dövlət ancaq yüksək bal toplayan şəxsləri və bir də onun maddi-texniki bazasının möhkəmlənməsini maliyyələşdirir ki, bu da elə də böyük vəsait etmir.”
Nazir əlavə etdi ki, dövlət bu gün özəl və dövlət ali təhsil ocağında təhsilin maliyyələməsinə fərq qoymur: “Hökumət həm dövlət, həm də özəl təhsil ocaqlarında yüksək bal toplayan tələbələri maliyyələşdirir. İndi dövlət ali məktəbləri də gəlir gətirir.”