BAKI, 7 okt — Sputnik: "Ölkənin sabitliyini təmin etmək üçün xırda və orta sahibkarlığın inkişafına şərait yaratmaq lazımdır". Bunu fikri Milli Məclisdə 6 komitənin birgə iclasındakı çıxışı zamanı millət vəkili Asim Mollazadə deyib. 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlama verən millət vəkili, xırda və orta sahibkarlığın inkişaf etdirilməsi üçün ilk növbədə vergi sistemində təkmilləşdirilməyə ciddi ehtiyac olduğunu bildirib.
"Biz Azərbaycanda xidmət, turizm, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün ciddi tədbirlər həyata keçirməliyik. Ancaq o ölkə sabit sayılır ki, həmin ölkədə xırda və orta sahibkarlıq inkişaf edib. Baxmayaraq ki, bugün ölkəmizdə bu sahədə xeyli istirahət mərkəzləri fəaliyyət göstərir, amma orada çalışan menecerlərin çoxu xaricdən gələn mütəxəssislərdir. Ona görə də peşə təhsilini inkişaf etdirməliyik"
Bundan başqa millət vəkilləri, dövlət ali təhsil müəssisələri və səhiyyə ocaqlarının özəlləşməsini təklif ediblər.
Deputat Qüdrət Həsənquliyev çıxışında bunları deyib: "Bugün büdcənin gəlirlərini təmin etmək üçün dövlət universitetlərinin və səhiyyə ocaqlarının özəlləşməsi vacibdir. Dövlət universitetləri və səhiyyə ocaqlarının özəlləşməsi nəticəsində, həm dövlət büdcəsinə böyük gəlir daxil olar, həm də dövlət onların probleminin həlli ilə bağlı yükdən azad ola bilər"
Millət vəkili eyni zamanda səhmdar cəmiyyətlərin — Azərenerji, Azersu, Azal və digər səhmdar cəmiyyətlərin də özəlləşməsini təklif edib.
Qüdrət Həsənquliyev, bu səhmdar cəmiyyətlərə dövlət tərəfindən datasiyanın ayrılmasını, həmçinin onların əvəzinə götürdükləri kreditlərin dövlət tərəfindən ödənilməsini doğru hesab etməyib.
Millət vəkili Fəzail Ağamalı da səhiyyə ocaqlarının özəlləşməsini təklif edərək, növbəti ildən bu prosesə başlanılmasını vacib hesab edib.