BAKI, 6 okt — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkilinın (Ombudsman) nümayəndələri Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov və konfliktoloq Arif Yunusovla görüşüblər.
Bu barədə Sputnik-ə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin mətbuat xidmətindən verilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində MTN-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.
Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov və digərlər ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməmiş, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.