BAKI, 6 okt — Sputnik. Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir.
Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçrilən növbəti plenar iclası zamanı “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna dəyişiklik məsələsi müzakirə edilib. Dəyişikliklərdə ölkədə məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilməsi öz əksini tapıb.
Dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.
Xatırladaq ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.