BAKI, 5 okt — Sputnik. Uzun müddətdən bəri quraqlıq mövsümü öz növbəsini yağışlı havalara təslim etdi. Artıq bir neçə gündür ki, respublikanın müxtəlif bölgələrində yağmurlu hava şəraiti müçahidə olunur. Əsasən oktyabrın 4-dən etibarən respublika ərazisində güclü yağışlar yağmağa başlayıb. Qısa müddət keçməsinə baxmayaraq artıq bu yağmurlu hava öz fəsadlarını törədib. Belə ki, əsas fəsadlar dağ və dağətəyi rayonlara dəyib. Dağ rayonlarında fəsadlar əsasən yol infrastrukturuna dəyib. Yerli sakinlərin Sputnik-ə verdiyi məlumata görə, yağan güclü yağışlar dağ yollarında dərin xəndəklər açıb ki, bu da maşınların hərəkətinə ciddi maneçilik yaradır. Belə hallar əsasən respublikanın cənub bölgəsində Yardımlı, Lerik və digər rayonlarda qeydə alınıb.
Dağətəyi rayonlara gəldikdə isə çayların daşması nəticəsində bir sıra yaşayış məntəqələrində evlərə, həyətyanı sahələrə, zirzəmiləri, həmçinin yol infrastrukturuna, yardımçı tikililərə, tövlələrə ciddi ziyan dəyib. Artıq belə faktlar Göyçay, Goranboy, Masallı, Lənkəran, Şəki, Oğuz və digər rayonlarda qeydə alınıb. Bundan əlavə olaraq dağətəyi rayonlarda düzən sahələrə, xüsusilə də əkin sahələrinə yağış suları yığılıb. Bu da əkin sahələrindəki məhsullara ziyan vurub. Bir sıra rayonlarda yağışların güclü küləklə müşayiət olunması isə ev örtüklərinin sökülməsinə də səbəb olub.
Hazırda respublikanın müxtəlif bölgələrində yağmurlu hava şəraiti davam edir. Ekologiya və Təbii sərvətlər nazirlyinin verdiyi məlumata görə, yağmurlu hava şəraiti hələ bir neçə gün davam edəcək.