Nə üçün hökumət Ukraynada sabitliyə nail ola bilmir

© AFP 2023 / SERGEI GAPONВид на город Киев, фото из архива
Вид на город Киев, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Böhran, inqilablar, oliqarxiya və borclar - Ukraynanın 30 illik müstəqilliyini belə xarakterizə etmək olar. SSRİ-nin ən uğurlu ölkəsinin tədricən necə autsayderə çevrildiyi barədə politoloqlar danışırlar.
BAKI, 20 avqust — Sputnik. Ukrayna bütün çoxsaylı problemlərində Rusiyanı günahlandırmağa öyrəşib. Kiyev hökuməti niyəsə ölkənin iqtisadi və daxili siyasi çətinliklərlə hələ 2014-dən əvvəl üzləşdiyi faktına məhəl qoymur. Ölkədə böhran düz 30 il əvvəl, Sovet İttifaqı dağılandan sonra başladı və hələ də davam edir. 
Permanent çöküş vəziyyətindən çıxmağa hökumətin hansı addımları mane olur? Bu suala cavab Sputnik-in materialında.

Oliqarxları mükafatlandırdılar. Niyəsi yadda deyil

Ukraynanın əsas səhvi müstəqilliyini elan edən vaxta təsadüf edir. Politoloq Aleksey Koçetkov deyir ki, ölkə rəhbərliyi milli mənsubiyyəti önə çəkərək və sovet keçmişindən tezliklə qurtulmağa çalışaraq etnokratik dövlət qurmaq qərarına gəldi. 
"Ölkədə yeni identiklik qurmağa başladılar. Bu strategiya Rusiya ilə öncə ləng, indi isə açıq münaqişəni nəzərdə tuturdu və ölkə daxilində "ruslar-ukraynalılar" xətti üzrə də qarşıdurmalara səbəb olmaya bilməzdi", - Koçetkov deyir.
Buna misal olaraq Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın rəhbərliyi dövründə nəşr etdiyi kitabı xatırlamaq olar. Kuçma öz işi üçün çox bəlağətli bir ad seçmişdi: "Ukrayna Rusiya deyil". Aydındır ki, kitabda Kuçma dövlətlər arasındakı qədim tarixi əlaqələrə deyil, əksinə, Ukrayna və rus xalqlarını fərqləndirən cəhətlərə diqqət yetirib.
Yeri gəlmişkən, ölkənin ən böyük fabrik və müəssisələrinin özəlləşdirilməsi də məhz Kuçmanın hakimiyyəti dövründə baş verib. Beləliklə, Aleksey Koçetkovun başqa bir əhəmiyyətli problem kimi dəyərləndirdiyi oliqarxlar sinfi formalaşdı.
"Oliqarx klanları Sovet mirasını bölüşdürməyə başladılar və bu arada Ukrayna iqtisadiyyatı özünü təmin etməyi dayandırdı. SSRİ-nin yox olması ilə ya satış bazarları dəyişdi, ya da texnoloji zəncir pozuldu və buna görə də bəzi müəssisələr fəaliyyət göstərə bilmədi, - deyə mütəxəssis bildirir. - Bu müəssisələri inkişaf etdirmək olardı, ancaq yeni sahiblər üçün onların iflas olduğunu bəyan etmək daha asan idi".
Nəticədə ölkədə oliqarx nümayəndələri arasında davamlı mübarizələr başladı - hər kəs iqtisadi sərvətlərə nəzarət etməyə can atırdı. 
Kuçmanın prezidentliyi dövründə, məsələn, Leonid Kuçmanın kürəkəni Viktor Pinçuk ölkənin ən varlı adamlarından biri idi.
Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko öz vəzifəsində yalnız açıq-aşkar qərbpərəst siyasəti ilə deyil, eyni zamanda müvafiq olaraq Rinat Axmetov və İqor Kolomoyskiyə I və III dərəcəli "Xidmətə görə" ordenlərinin verilməsi ilə yadda qaldı.
Maraqlıdır ki, media Yuşşenkodan oliqarxları nə üçün mükafatlandırdığını soruşduqda heç bir aydın cavab vermədi. Yuşşenko sadəcə səbəbini xatırlamırdı.

Sənəd heç bir şey ifadə etmir

"Bu cür şəraitdə davamlı siyasi sistem yarana bilməzdi, - Aleksey Koçetkov hesab edir. – Ölkədə davamlı "hamı hər kəsə qarşı" mübarizəsi getdiyindən Ukrayna dövlət ola bilmədi".
Politoloq iddia edir ki, tamhüquqlu bir dövlətdə ən azından qanun işləyir. Bununla yanaşı, hakimiyyət Ukraynanın dövlət suverenliyi bəyannaməsinə riayət etmir. Çünki sənədin ikinci fəslində deyilir ki, "heç bir siyasi partiya, ictimai təşkilat, digər qrup və ya ayrı bir şəxs bütün Ukrayna xalqı adından çıxış edə bilməz".
Ancaq ölkə üçün ən vacib qanunlardan biri beşinci prezident Petro Poroşenkonun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə mane olmadı və növbəti hakimiyyət dəyişikliyindən sonra onun barəsində bir çox cinayət işi açıldı. Hətta Poroşenkonun vəkili İlya Novikov belə onların dəqiq sayını deməyə çətinlik çəkir.
"Bizdən daim Poroşenkonun cinayət işlərin sayının nə qədər olduğunu soruşurlar. Yenə də bilmirik, bilmədiyimiz bir şey olmadığına əmin ola bilmərik, ancaq indiki vəziyyətə görə 58 cinayət işi var", - deyə o, 2020-ci ildə bildirib.
Poroşenko ilə bağlı ən böyük cinayət işlərindən biri "İvuşka" istirahət mərkəzinin taleyinin araşdırılmasıdır. Petro Poroşenko ilə əlaqəli "Soyuz-İnvest"in nümayəndələrinə satılan baza əslində Ukrayna Korlar Cəmiyyətinə məxsus idi. Məlumdur ki, Poroşenkonun pula ehtiyacı yoxdur və bir sahibkar olaraq "Forbes" siyahısında yer alıb. 2021-ci ilin mart ayına olan məlumata görə, onun sərvəti 1,6 milyard dollar olaraq qiymətləndirilib.

Eyni çuxura bir neçə dəfə düşmək

Poroşenkonun varisi, hazırkı prezident Vladimir Zelenski dəfələrlə oliqarxiya ilə mübarizə arzusundan danışıb. Oliqarxların hakimiyyətə təsirinin azalması onun seçkiqabağı vədi idi və 2020-ci ilin may ayında Razumkov Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ukraynalıların 71%-i Zelenskinin öz sözünü tutmadığını düşünüb.
Yalnız bu il Ukrayna parlamentinin saytında oliqarxları milli təhlükəsizliyə təhdidlər sırasına daxil edən qanun layihəsi dərc olunub. Bundan əlavə, Vladimir Zelenski Ukraynanın ən böyük media qrupu olan "1 + 1 media"nın sahibi İqor Kolomoyskiyə qarşı çıxmağa başlayıb. Zelenskinin seçki kampaniyasının bir hissəsi olan "Xalqın Xidmətçisi" serialını nümayiş etdirən "1 + 1" telekanalının olması da diqqət çəkir.
"Kiyevin rəsmi dairələrində baş verən hər şey bir çuxura ikinci dəfə düşməkdir, - deyə politoloq Vladimir Kornilov vəziyyəti şərh edib. – Burada yalnız oyunçular dəyişir. Ölkədəki problemlər güc yolu ilə həll olunur (2004-cü il narıncı inqilabı və 2013-2014 Avromeydan - red). Bu saray intriqaları nəticəsində insanlar onilliklər ərzində sadəcə yerlərini dəyişirlər. Zelenski kimi yeni simalar yaranır, amma oliqarxlar isə yenə də eyni qalır".
Ancaq keçmiş müttəfiqinə qarşı çıxışlar Zelenskinin imicini gücləndirmir. Prezidentin reytinqi də koronavirus böhranı səbəbindən aşağı düşüb. Ölkədəki vəziyyət Ukraynanın tibb sisteminin pandemiyaya hazır olmadığını göstərdi. Karantinin tətbiqi reallıqda olduğundan daha çox, kağız üzərində baş verdiyi üçün vaksin çatışmazlığına və xəstəliyin artmasına təkan verdi.
"Zelenskinin etdiyi hər şey normal dövlət imici yaratmaq cəhdidir, - deyə iqtisad elmləri doktoru, Rusiya Federasiyası hökumətinin nəzdində Maliyyə Universitetinin prorektoru Aleksey Zubets deyir. - Ukrayna isə qovuq dövlətdir. Rəsmi olaraq var, ancaq içərisində heç nə yoxdur. Dövlət vətəndaşlar qarşısında sosial öhdəliklərini yerinə yetirə bilmir".

Real problemlərdən başqa hər şey

Göründüyü kimi, ölkədəki gərginlik hakimiyyəti həqiqətən də vacib problemləri - korrupsiya, sənaye və səhiyyə böhranı barədə düşünməyə sövq etməlidir. Ancaq bunun əvəzinə Kiyev milli azlıqların dillərində tədrisin azalmasına səbəb olan "Tam ümumi orta təhsil haqqında" qanunu imzalayır, sanki dil münaqişələri əhalinin həyat keyfiyyətindən daha vacibdir.
Ukrayna əsasən Ukrayna Kommunist Partiyasının qadağası ilə ifadə olunan dekommunizasiyanı real problem hesab edir. Kiyev həmçinin sovet simvollarını qadağan edərək SSRİ rejimini nasist rejimi sıralamasına aid edib. Eyni zamanda, avqustun 18-də ölkədə 1941-1944-cü illərdə 30 min yəhudinin öldürülməsində əli olan nasist cinayətkarı Omelyan Qrabetsın 110-cu ildönümü qeyd olunub.
Eyni zamanda, "Həyat uğrunda müxalifət platforması" partiyasının rəhbəri Viktor Medvedçuku ölkənin ən təhlükəli siyasətçisi hesab edirlər.
İndi Medvedçuku "dövlətə xəyanət" və "müharibə qanunlarını və adətlərini pozmaqda" ittiham edirlər.
Partiya funksionerlərinin sözlərinə görə, HUMP-nın üzvləri "öz fikirlərini müdafiə edəcəkləri, Böyük Vətən müharibəsindəki qələbənin xatirəsini qoruyacaqları və qəhrəmanlarını şərəfləndirəcəkləri" barədə bəyanatlardan sonra siyasətçiyə ittihamlar irəli sürülüb.
Medvedçuka qarşı ittihamlar hətta parçalanmış Ukrayna cəmiyyətində də çaşqınlıq doğurur. Vətəndaş Cəmiyyəti Sosiologiya İnstitutunun məlumatına görə, sorğuda iştirak edən ukraynalıların 60%-i siyasətçinin günahsız olduğunu düşünür.
Aydındır ki, hətta sadə əhali də başa düşür ki, Ukraynanın əsl problemləri başqadır. Böyük Vətən Müharibəsi xatirələrini rədd etmək və ya rus dilinə qarşı mübarizə işsizliyi və böhranı kompensasiya etmir, yəni xırda şeylərlə bağlı qalmaqallar insanları həqiqətən vacib bir işdən yayındırır.
Eləcə də oxuyun:
Mixail Xazin: "Ukrayna elitası ölkə haqqında düşünmür"
Xəbər lenti
0