12:38 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
DÜNYA
Qısa URL
137 0 0

Əlyazmalar üçün ucuz kağızdan istifadə olunub, axı gələcək şair cavanlıqda öz həmyaşıdlarının əksəriyyətindən yoxsul idi.

BAKI, 11 iyul — Sputnik. Florensiya qadın monastırının başçısı Culiya Bolton Hollouey, Dante Aligyerinin ilk məlum əlyazmalarını aşkar edib. Bu kəşfdən əvvəl alimlərdə "İlahi komediya"nın yaradıcısının əl yazısının bir nümunəsi belə yox idi. Bu barədə "The Times" yazır.

Sputnik Azərbaycan Rusiyanın "Qod literaturı" saytına istinadla xəbər verir ki, Florensiyada və Vatikanda iki kitabxanada tapılan əlyazmalar Dantenin tələbəlik illərinə, XIII əsrin sonlarına aiddir. O vaxt Dante idarəetmə sənətinə aid əsərlərin üzünü köçürürdü.

Qeyd olunur ki, Dantenin xətti şagird xəttinə oxşayırdı, lakin o, əla Toskana ləhcəsində yazırdı. Bu ləhcə digərlərinə nisbətən latın dilindən az fərqlənirdi və İtaliyanın ədəbi dilinin əsası olmuşdu. Onun təsirini "İlahi komediyada" da görmək mümkündür.

Əlyazmalar "kançelleska" şrifti ilə yazılıb. Çox güman ki, Danteyə bu şrifti atası öyrətmişdi. Əlyazmalar üçün ucuz kağızdan istifadə olunub, bunu da tamamilə izah etmək olar, axı gələcək şair cavanlıqda öz həmyaşıdlarının əksəriyyətindən yoxsul idi.

Holloueyin fikrincə, bu tapıntılar "İlahi komediya" haqqında müəyyən təsəvvür yaradır. Məsələn, qaralamalarda dairə üzərində kvadrat çəkilib. Şair "İlahi komediya"da İlahini təsvir etmək üçün məhz bu cür konsepsiyadan istifadə edib.

İtalyan şairi, italyan ədəbi dilinin banisi olan Dante qədim zadəgan nəslindəndir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulduğuna görə "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilib. Didərgin həyat sürən Dante 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunub (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşayıb.

Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaradıb. 1304–1307-ci illərdə fəlsəfi-əxlaqi əsərlər yazan yazarın "Ziyafət" əsərində insan idrakının müstəqilliyi və azadlığı müdafiə olunur. "Monarxiya haqqında" (1312–1313) siyasi risaləsində vahid ümumdünya monarxiyası ideyası insanların əmin-amanlığını, ictimai ədaləti təmin edə biləcək dövlət quruluşu kimi müdafiə edilir.

Dantenin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Əsas mövzular