Türkiyədə dövlət çevrilişinə açıq-aşkar çağırış edilib - Dövlət Baxçalı

© AP Photo / Emrah GurelDövlət Baxçalı, arxiv şəkli
Dövlət Baxçalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
MHP sədri rəhbərlik etdiyi partiyanın qrup toplantısında çıxış edərkən bildirib ki, Montrö konvensiyası Türkiyə üçün toxunulmaz məsələdir.

BAKI, 6 aprel — Sputnik. Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 104 nəfər istefada olan admiralın Montrö konvensiyası ilə bağlı aprel ayının 4-də imzaladığı məktuba sərt reaksiya verib. NTV kanalının yaydığı xəbər görə, Baxçalı rəhbərlik etdiyi partiyanın qrup toplantısında bu barədə çıxış edərkən bildirib ki, Montrö konvensiyası Türkiyə üçün toxunulmaz məsələdir. Baxçalı admiralların hərəkətini dövlət çevrilişinə çağırış kimi qiymətləndirib: "Bu, açıq-aşkar dövlət çevrilişinə çağırış etməkdir. "Montrö Boğazlar Müqaviləsi Lozanna Sazişinin ayrılmaz hissəsi, eyni zamanda, keçilməyən qırmızı xəttimizdir. Bu 104 admiral Türkiyə demokratiya tarixinin qara ləkəsidir. Cəsarətlərinin cəzasını çəkməlidirlər", – deyə MHP lideri bildirib.

Baxçalı bildirib ki, məktuba imza atmış admiralların rütbəsi sökülməli, dövlətin onlara ödədiyi pensiya kəsilməlidir. O, həmçinin bu məsələdə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun əli olduğunu da vurğulayıb: "CHP rəhbərliyi bir daha demokratiyaya qarşı çıxıb, çevriliş arzusunda olan quldurlarla birləşib. 4 aprel bəyannaməsinin görünməyən imzası Kılıçdaroğluna məxsusdur".

Qeyd edək ki, ötən bazar günü Türkiyənin 104 nəfər istefada olan admiralı məktub dərc edərək Montrö konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb. Admirallar Qara dənizlə Mərmərə dənizini birləşdirəcək Bosfor boğazına paralel olacaq "İstanbul" kanalı layihəsi ilə bağlı həmin razılaşmaya yenidən baxılması barədə müzakirələri yersiz adlandırıblar. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar da öz əksini tapıb.

Aprel ayının 5-də isə Türkiyə polisi Montrö konvensiyasını dəstəkləyən məktuba imza atmış bir qrup istefada olan admiralı həbs edib.

 

Xəbər lenti
0