BAKI, 27 fevral - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları növbəti mitinq üçün Yerevanda, parlament binasının qarşısına toplaşırlar.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şənbə günü mitinqə gələnlərin sayı dünən etiraz edənlərdən çoxdur. Mitinq təşkilatçıları Baqramyan prospektində səhnə quraşdırırlar. Polis isə parlament tərəfə əlavə güc yığıb - binanın ətrafında kordon qurulub, prospektdə isə xeyli sayda polis maşını və avtobusu var.
Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Qasparyanın qovulmasını tələb edib.
Müddətsiz aksiyaya başlayan birləşmiş müxalifət hökumətin parlament qarşısında keçirilməsi planlaşdırılan mitinqdə provokasiya törədəcəyi barədə xəbərdarlıq edib.
"Hökumət Baaqramyan prospektində təxribat törətməyə cəhd edir. Əsirlərin və itkin düşmüşlərin problemləri, onların valideynləri üzərində spekulyasiya edən hökumət bu məqsədlə bəzi qrupları parlamentin yanında toplaşan isnanların üzərinə göndərəcək", - Paşinyanın istefasını istəyən iyirmiyədək siyasi qüvvəni birləşdirən "Vətənin xilası naminə hərəkat"ın bəyanatında deyilir.
Hərəkatın sosial şəbəkədə yerləşdirdiyi bəyanatda vətəndaşları təxribata uymamağa, polisi isə xoşagəlməz insident və onların nəticələrinin qarşısını almağa səsləyirlər.
"Əks halda bu nəticələrə görə məsuliyyəti hökumət daşıyacaq", - məlumatda deyilir.