14:52 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
334030

Ekspertlər əmindirlər ki, pandemiyadan sonra istirahət bahalaşacaq, aviaşirkətlər və otellər müştəri qıtlığı ilə üzləşəcəklər, əcnəbilərdən isə sağlamlıq pasportları tələb olunacaq

BAKI, 6 may — Sputnik, Svetlana Bayeva. "Sağlamlıq pasportu" və ya "immunitet pasportu" — onsuz artıq səyahət etmək mümkün olmayacaq. Sərhədlərin nə vaxt açılacağı məlum deyil, lakin Yunanıstan, Türkiyə, İsrail və digər ölkələr artıq yay mövsümünə hazırlaşırlar. İtaliya və İspaniya kurortları çimərlikləri əlçatan və təhlükəsiz etmək yollarını axtarırlar. Doğrudur, hələlik yalnız öz vətəndaşları üçün.

Venesiya mənzərəsi, arxiv şəkli
© AP Photo / Francisco Seco

Postpandemiya turizminin necə olacağı barədə materialımızda tanış ola bilərsiniz.

Viza almaq istəyirsən? Testi keç

Əvvəlcə həkim, sonra viza — hələ aprelin ortalarında Şengen məsələləri üzrə müstəqil Avropa informasiya resursunun eksperti Qranit Sadiku pandemiyadan sonra turizmin məhz belə olacağını proqnozlaşdırıb. Koronavirus testi olmadan heç bir yerə buraxmayacaqlar.

Avropa Komissiyasında bunu şərh etməyiblər, lakin Sadikunu turizm təşkilatları dəstəkləyib.

Yunanıstan əcnəbilər üçün sağlamlıq pasportunu tətbiq etmək niyyətindədir. Xorvatiyanın Turizm naziri Qari Kappelli isə Avropa İttifaqının (Aİ) bütün dövlətlərində etibarlı sayılacaq "COVID-19 pasportu" kimi ümumi bir sənədin müzakirə olunduğunu deyib.

Arayış harada veriləcək?

Rusiyada ödənişli əsaslarla koronavirus testindən keçmək olar, lakin bütün bölgələrdə yox. Bununla özəl laboratoriyalar məşğul olur. Bu yaxınlarda belə bir xidmət Domodedovo aeroportunda yaradılıb. Nəticə üç-beş gündən sonra verilir. Səhiyyə işçisini evə çağırmaq seçimi də var.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) aprelin ortalarında ekspress-test eksperimenti aparılıb. Dubaydan Tunisə uçan bütün sərnişinləri 10 dəqiqə ərzində yoxlayıblar. Bu aksiyanın təşəbbüskarı olmuş aviaşirkətin baş əməliyyat direktoru Ədel Əl Rədha bildirib ki, digər istiqamətlərdə uçuşlar üçün də bu cür testlər keçiriləcək.

Pasport kömək etmir

Doğrudur, ekspertlər sağlamlıq pasportlarının və səfərdən əvvəl karantinin bir faydasının olmayacağını xatırladırlar. Axı turist hava limanında, taksidə, istirahət yerində yoluxa bilər.

Koronavirusa qarşı anticisimlərin olması ilə bağlı immun pasportları da ölkəyə buraxılmaq üçün istifadə oluna bilməz. "Xəstə adamın təkrar yoluxa bilməyəcəyi barədə hələ ki, rəsmi təsdiq yoxdur. Ona görə də sağalmaq heç bir şeyə zəmanət vermir", – rusiyalı alim, professor Andrey Svistelnik deyib.

Bundan başqa, immunitet pasportu təhlükəsizlik illüziyasını yarada və buna görə də xəstəliyin yeni epidemiyasına səbəb ola bilər.

Su, yemək və üçüncü sərnişin olmadan

Aviaşirkətlər sosial məsafə prinsiplərini tətbiq edirlər. Tailandda mayın 1-dən daxili reyslər bərpa olunub. Lakin yeni qaydalara görə, təyyarələrdəki yerlərin yalnız 70 faizi tutula bilər (orta cərgədəki oturacaqlara qadağa var), sərnişinlər maska geyinməli, təyyarədə heç bir içki və qida olmamalıdır.

Təyyarələrin interyeri ilə məşğul olan İtaliya şirkəti sərnişinləri oturtmağın iki sxemini təklif edib: orta cərgədəki oturacaqları əks istiqamətdə çevirmək və şəffaf arakəsmələr vasitəsilə sərnişinləri bir-birindən ayırmaq; və ya hər kreslo üzərində (qalpaq) örtük yerləşdirmək.

Bənövşəyi nişan və kabinələr

İspaniyada müxtəlif maneələr — konuslar və iplər vasitəsilə çimərliklərdə sosial məsafəni təmin etməyi planlaşdırırlar. Özü də söhbət hələ ki, yalnız yerli sakinlərdən gedir. "Covid Free" (infeksiya riski olmayan) istirahət zonalarının yaradılması nəzərdə tutulur.

İtaliyada pleksiqlasdan (üzvi şüşə) hazırlanmış kabinələr, eləcə də "canlı çəpərlər" tətbiq oluna bilər.

İsraildə isə artıq yaxın günlərdə otellər üçün pandemiya dövründə işləməyə icazə verən xüsusi "bənövşəyi nişan" standartı hazırlanacaq. Əvvəlcə qonaqları "zimmer" adlanan kiçik kotteclərə, həmçinin ayrıca girişli nömrələri olan mehmanxanalara buraxacaqlar. Sonra bütün digər mehmanxanalar açılacaq, lakin yeməyin nömrələrə çatdırılması və ictimai məkanlardan istifadə etməmək şərti ilə. Daha sonra sosial məsafəyə riayət etməklə kafe və restoranlar işə salınacaq.

Misirdə otelləri 25 faiz doldurmağa icazə veriləcək. İşçilər və qonaqlar üçün COVID-19-un olmaması haqqında arayışlar məcburidir.

Türkiyədə isə qonaqlar artıq klassik formada "hər şey daxil" sisteminə ümid etməsinlər. Çox güman ki, turistlərə "a la carte" (menyudan sifariş) xidməti təqdim olunacaq. Üstəlik, masalar bir-birindən təhlükəsiz məsafədə yerləşdiriləcək. Digər məhdudiyyətlər də olacaq.

Yaxın vaxtlarda xaricə səfərə ümid etməyin. İstirahət də baha olacaq

Ekspertlər əmindirlər ki, turlar bahalaşacaq. Aviaşirkətlər və otellər müştəri qıtlığı ilə üzləşəcəklər, təhlükəsizlik tədbirləri isə — məsələn, otaqların və hətta yeməkxanaların sterilizasiyası — heyətin artırılmasını tələb edəcək.

Amma turoperatorlar xəbərdarlıq edir: yaxın vaxtlarda xaricə səfərə ümid etmək lazım deyil.

"Sərhədlərin açılmasını gözləmək lazımdır. Hələlik bu məsələ ilə, həmçinin mehmanxanaların işi və sağlamlıq pasportları ilə bağlı konkret heç nə yoxdur", - Rusiya turizm şirkətinin baş direktoru Anna Podqornaya deyib.

Əlaqədar

Yaxın qonşumuz “immunitet pasportu” tətbiq edə bilər
“Sərhədlər bir il bağlı qalsın”
Biznes karantində: Azərbaycan mehmanxanaları koronavirus dövründə
Türkiyədə istirahət etmək istəyənlərə xoş xəbər: bu il qiymətlər artmayacaq
Otellərin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlandı - Su da dezinfeksiya edilməlidir

Əsas mövzular