21:18 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
168230

İtaliyada yeni koronavirusa yoluxmanın belə hal almasına vəsilə olan əsas səbəblərdən biri dövlət idarəçilərinin tələb olunan qərarları vaxtında qəbul etməmələri oldu.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik.  "COVID-19" və ya koronavirus Çindən başlayaraq dünyanın bir çox ölkələrində sürətlə yayılmaqda davam edir. Avropada isə ən çox bu virusa yoluxma və virusdan ölüm faktı İtaliyada qeydə alınıb. Sözügedən bölgədə yoluxma halları sayının durmadan artması xəbərləri də həmvətənlərimiz haqqında haqlı narahatçılığa səbəb olur. İtaliyadakı vəziyyətlə bağlı Terni şəhərində yaşayan Lənkəran şəhər sakini Cavid Fərzullayev Sputnik Azərbaycan-a danışıb.

Cavid Fərzullayev Azərbaycan Tibb Universiteti "Müalicə-profilaktika" fakültəsinə qəbul olunub, daha sonra təhsilini əvvəlcə Genuya Universitetində, sonra isə Peruca Universiteti "Tibb və Cərrahiyə" fakültəsində davam etdirib. Hazırda Peruca Universitetində "Santa Mariya" xəstəxanasında həkim-təcrübəçidir.

© Courtesy of Cavid Ferzullayev
Cavid Fərzullayev

- Yaşadığınız şəhərdə nə vaxtdan virus təhlükəsi yarandı?

- "Universitetin "Tibb və Cərrahiyə" fakültəsi iki bazadan ibarətdir. Umbriya regionunun digər böyük şəhəri olan Ternidəki bazadayam. Şəhər İtaliyanın, demək olar ki, tam mərkəzində yerləşir. Ölkənin şimalla cənubunu birləşdirən magistral və dəmiryollarından əsasları elə bizim Umbriya regionundan, Terni şəhərindən keçir. Bu qədər gediş-gəlişin olmasına baxmayaraq, bizdə SARS-COV-2–yə yoluxma faktı bir müddət gec peyda oldu. İtaliyada ilk fakt 30 yanvarda, bizim şəhərdə - Ternidə isə 3 martda 31 yaşlı qadında aşkarlandı".

- Virusun yayıldığı ilk günlərdə orada təhsildə hansı tədbirlər görüldü?

- Əslində bir çox həkim-alimin də qeyd etdiyi kimi, İtaliyada yeni koronavirusa yoluxmanın belə hal almasına vəsilə olan əsas səbəblərdən biri də dövlət idarəçilərinin tələb olunan qərarları vaxtında almamaları və təklifləri bir müddət gec qəbul etmələri oldu. İlk dəfə 4 martda bütün İtaliyadakı təhsil müəssisələrinin martın 5-dən 15-nə qədər bağlandığını desələr də, bu kifayət etmədi. Ölkə "Qırmızı Zona" elanından sonra müddət aprelin 3-nə qədər uzandı.

© Courtesy of Cavid Ferzullayev
Terni şəhəri

- Koronavirusun yayıldığı bir ölkədə təhsil alırsınız. Bu sizi qorxutmurmu?

- Xeyr, qətiyyən. Keçirdiyim hislər fərqlidir. İtaliyada COVID-19-dan həyatını itirənlərin sayının çox olmasına görə məyus oluram, amma yekunda ölkənin bütün bu prosesdən nəticələr çıxarıb, varlığını daha güclü şəkildə davam etdirəcəyinə inanıram.

- İtaliyada virus yayılması xəbərini eşidən doğmalarınızın və Azərbaycandakı dostlarının reaksiyası nə oldu?

- Son günlər həm telefonla, həm e-poçt, həm də sosial şəbəkə vasitəsiylə çox adam davamlı əlaqə saxlayır. Çox şükür ki, ilk vaxtdan vəziyyəti doğru izah etməyimdən, həm də mənə olan inamlarından irəli gələrək, ailəmizdə heç bir panika, ciddi narahatlıq və s. yoxdur. Amma bəzi qohumlarım və dostlarım hələ də narahatdır.

© Courtesy of Cavid Ferzullayev
Terni şəhəri

- Hazırda İtaliyada olan Azərbaycan vətəndaşlarına təxliyə üçün bildiriş edilib. Sizə də bu təklif gəldimi və siz nə cavab verdiniz?

- 9 martdan 10-a keçən gecə Baş Nazir Cüzeppe Kontenin bütün İtaliyanı "Qırmızı Zona" elan etməsindən sonra bir çox uçuşlar ləğv edildi. İki gün sonra "Azərbaycan-İtaliya Gənclər Assosiasiyası" onlayn qeydiyyat yaratdı, sonra isə Səfirliyimiz facebook səhifəsində Azərbaycana qayıtmaq istəyənlərə sənədləri göndərmələri bağlı müraciət etdi. Mənə isə martın 12-si zəng vurdular, gedib-getməyəcəyimi dəqiqləşdirmək üçün. Bizi hansı şəraitdə təyyarə ilə təxliyə edəcəklərinə cavab verilmədiyinə, karantin şərtlərinin tələb olunan standartlara uyğun olmadığını düşündüyümə görə, bu müddətdə Azərbaycana getmək istəmədiyimi bildirdim. Üstəlik də peşəmizin etik tərəfləri var. Onları qorumaq vacibdir.

- İtaliyada hazırda vəziyyət necədir və camaatın vəziyyəti necədir? Yəni təşviş var, yoxsa sakit şəkildə mübarizə aparırlar?

- Fevralın sonu martın əvvəllərində yoluxma və ölüm sayının yüksək artımı və hökumətin tədbirləri gecikdirməsi təşvişə səbəb olmuşdu. Amma indi bütün ölkə karantin rejimində olduğuna görə, təşviş səngiyib. Rejimin tətbiqində, demək olar ki, hər gün yeni nəsə əlavə edirlər. Hal-hazırda istənilən sakin yaşadığı kəndi, qəsəbəni və ya şəhəri tərk etməsi üçün polisə səbəblər qeyd olunan standart blank təqdim etməlidir. Bütün ictimai yerlərdə insanlar arasında ən az 1 metr məsafə gözlənilməlidir. Buna görə də supermarketlərə, mağazalara, apteklərə və s. ictimai yerlərə girişdə bəzən çox böyük növbələr olur. Çünki obyektə məhdud sayda insanın daxil olmasına icazə verilir. Bir çox restoranlar, bütün kinoteatr, teatr, kitabxanalar aprelin 3-ə qədər bağlıdır. Əksər geyim, ətir və s. mağazaları onlayn alış-verişdə pulsuz çatdırılma tətbiq etməyə başlayıblar.

© Courtesy of Cavid Ferzullayev
Terni şəhəri

- Virusdan qorunmaq üçün hansı vasitələrdən istifadə edirsiniz və nələr tövsiyə edərdiniz?

- Hər kəsin bildiyini edirəm. Əllərimi tez-tez yuyuram, ağzıma, burnuma və gözlərimə toxundurmuram, maskadan istifadə edirəm. Yuxu rejimimə, qida keyfiyyətinə daha çox diqqət edirəm. Hər gün xəstəxanaya, arada da qida alış-verişinə getməkdən başqa heç bir halda çölə çıxmıram. Hər yerdə insanlarla məsafə saxlayıram və dövlətin qoyduğu digər qaydalara əməl edirəm. Hər kəsə də bu sadə qaydalara ciddi riayət etməyi tövsiyə edirəm. Həm özümüz, həm ətrafımız, həm də gələcəyimiz üçün.

- Təhsilinizi nə vaxt başa vuracaqsınız və Bayram günlərində vətənə tətilə gələcəksinizmi?

- Təhsilimi oktyabr ayında tamamlamağı planlaşdırıram. Təəssüf ki, Novruz bayramında vətəndə ola bilməyəcəyəm. Amma iyulun sonu Azərbaycana gəlib, bütöv avqust ayını Lənkəranın heç doymadığım dəniz sahilində keçirmək niyyətindəyəm.

© Courtesy of Cavid Ferzullayev
Terni şəhəri

- İtaliyada təhsilinizi başa vurduqdan sonra ölkəmizdə işləyəcəksiniz, yoxsa Avropada fəaliyyət göstərəcəksiniz?

- Tam yüksək ixtisaslı mütəxəssis olmaq üçün illərini xərcləməlisən. Məqsədimiz də budur. Qeyd edim ki, Avropaya Azərbaycan üçün gəlmişəm, Azərbaycan üçün də qayıdacağam. Əslində, bu günlər daha çox Azərbaycanımız üçün narahatam. Ümid edirəm, ölkəmiz pandemiyadan digər ölkələrə nəzərən az zərərlə qurtular. Özüm burda, qəlbim isə ordadır...

Əsas mövzular