BAKI, 16 yanvar — Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ukraynalı həmkarı Vadim Pristoyko ilə telefonla danışaraq vurulmuş "Boeing" təyyarəsində olan ukraynalıların meyitlərini Kiyevə göndərməyə hazır olduqlarını bildirib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, eyni zamanda Zərif Tehranın ukraynalı mütəxəssislərdən "qara qutu"nu açmaqda kömək gözlədiyini də deyib.
Bu barədə İran XİN-in Telegram kanalında qeyd olunub.
Pristoyko öz növbəsində İrana əməkdaşlığa və Ukrayna təyyarəsinin vurulmasında məsuliyyəti etiraf etdiklərinə görə təşəkkür edib.
Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsinin "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O, faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.