BAKI, 18 dekabr — Sputnik. Amerikanın "Şimal axını-2" layihəsinə qarşı sanksiyaları bu qaz kəmərinin tikintisinin qarşısını ala bilməyəcək. Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ rəsmiləri etiraf ediblər.
Ağ evdə olan mənbələrin "Bloomberg"ə dediyinə görə, layihənin reallaşması demək olar ki, tamamlanıb və qaz kəmərinə qarşı sanksiyalar ona ciddi zərər yetirə bilməyəcək. Qeyd edək ki, bir müddət əvvəl bu sanksiyalar ABŞ-ın hərbi büdcəsinə daxil edilib.
Mənbələr həmçinin qeyd ediblər ki, ABŞ bundan sonra bütün səylərini Rusiyanın digər enerji layihələrinə qarşı yönəldəcək.
Senat bir müddət əvvəl 738 milyard dollar həcmində olan müdafiə büdcəsinin lehinə səs verib. Müdafiə büdcəsinə həmçinin "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyalar və Ukraynaya hərbi yardım daxil edilib.
"Şimal axını-2"
"Şimal axını-2" layihəsi çərçivəsində Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ümumi gücü 55 milyard kubmetr olan iki qaz boru kəməri inşa edilir. Boru xəttinin inşasının 2019-cu ildə tamamlanması planlaşdırılıb.
Merkel tabe olmadı - "Şimal Axını 2" layihəsinə dəstək
Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi suları və ya müstəsna iqtisadi zonalarından keçəcək.
Ukrayna və bir sıra Avropa ölkələri, o cümlədən Polşa, Latviya və Litva, həmçinin Avropa İttifaqında (Aİ) öz mayeləşdirilmiş təbii qazını satan ABŞ fəal şəkildə "Şimal axını-2" layihəsinə qarşı çıxırlar. Onlar layihənin siyasi olduğunu və Avropanın enerji təhlükəsizliyinə təhdid yaratdığını iddia edirlər. Rusiya tərəfi isə dəfələrlə layihənin tamamilə kommersiya məqsədli olduğunu bildirib və vurğulayıb ki, kəmər Rusiya qazının Ukrayna vasitəsilə Aİ-yə tranzitinin dayandırılması üçün nəzərdə tutulmayıb.