BAKI, 28 iyul — Sputnik. Əgər Tehranın tələbləri yerinə yetirilməsə, İran nüvə razılaşması üzrə öhdəliklərini yenə azaldacaq.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə İran XİN başçısının müavini Abbas Əraqçı deyib.
"Öz növbəmdə qeyd edim ki, biz İranın tələbləri təmin olunmayanadək öhdəliklərimizi azaltmağa davam edəcəyik", - Əraqçı bildirib.
O, həmçinin qeyd edib ki, bu gün Vyanada keçirilən birgə komissiyanın iclası "konstruktiv" olub.
Xatırladaq ki, 2015-ci ildə İran, ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) imzalanıb.
Saziş İranın nüvə proqramını məhdudlaşdırmasının əvəzində ona qarşı olan sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu. İlkin formada razılaşmanın ömrü heç 3 il çəkmədi. Bu saziş sonradan ABŞ Prezidenti Donald Trampın dəfələrlə tənqidinə məruz qaldı və nəticədə 2018-ci ilin mayında Vaşinqton sazişdən birtərəfli şəkildə çıxdı. Amerikanın sazişi tərk etməsinin ildönümündə, mayın 8-də İran bildirdi ki, nüvə proqramının məhdudlaşdırılması istiqamətindəki bir sıra öhdəliklərinin icrasını dayandırır. Cənub qonşumuz az zənginləşdirilmiş uran ehtiyatlarının tavan səviyyəsini 300 kq-dək artırdı. Sonra razılaşmanın digər üzvlərinin 60 gün müddətində Tehranın tələblərini yerinə yetirmədiyinə görə İran öhdəliklərinin azaldımasının ikinci mərhələsini elan etdi. Son xəbərlərə görə, İran uranın zənginləşdirilmə səviyyəsini artıq 4.5%-ə çatdırıb (nüvə sazişində limit 3.67% idi).