BAKI, 8 iyun — Sputnik. Almaniya Federal Məclisi ixtisaslı işçi köçünü asanlaşdırmaq məqsədi ilə yeni qanun layihəsini qəbul edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu qanunla Almaniya hökuməti ixtisaslı işçilərə öz qapısını açmış olub.
Bundestaqda qəbul edilən qanun layihəsindən sonra almanlar 25 min nəfərin ölkəyə gəlməsini gözləyirlər. Yeni tənzimləmə ilə Almaniya və Avropa Birliyi (AB) vətəndaşlarını prioritet kimi istifadə etmək tələbi aradan qalxıb.
Qeyd edək ki, yeni qanun alman dilində danışan və təhsilini başa vuran, peşəkar ixtisas sertifikatına sahib olanlar üçün altı ay ərzində Almaniyaya gəlmək, burada peşə təhsili almaq imkanı verir. Bu fürsətdən faydalanmaq üçün təyin olunan iki meyar isə insanların altı aylıq müddətdə özlərinin yaşaya bilməsi və onların təlim yaxud peşəkar ixtisas sənədlərini təqdim etmələri üçün lazımi vəsaitə malik olmasıdır. İnformasiya texnologiyaları sahəsində peşəkar təcrübəyə malik olan və illik ən azı 50 min avro gəlir əldə etməyi gözləyənlərə də rəsmi sənədlər və ya diplomların təqdim edilməsi tələbi aradan qaldırılıb. Yeni tənzimləmə ilə işin hər sahəsində ixtisaslı işçi köçünə icazə veriləcək.
Amma yeni qanun ölkədəki hökumət koalisiyası ortaqları arasında mübahisəyə səbəb olub. Sosial Demokrat Partiyasının (SPD) nümayəndəsi Lars Castellucci Almaniyada immiqrantlara ehtiyac duyulduğunu və yeni tənzimləmələri müsbət addım hesab etdiyini söyləyib. Sağçı Almaniyaya Alternativ Partiyasından olan (AFD) millət vəkili Rene Springer isə "ucuz əmək miqrasiyası əmək haqqının azalmasına səbəb ola bilər" deyərək qərara etirazını bildirib.