BAKI, 31 mart — Sputnik. Bu gün Ukraynada prezident seçkiləri keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, prezident postu uğrunda 39 namizəd mübarizə aparır.
Seçkilərin birinci mərhələsində qalibin müəyyənləşməsi üçün namizədlərdən biri 50 faizdən çox səs toplamalıdır. Əks halda ən çox səs toplamış iki namizəd 3 həftədən sona yenidən prezident postu uğrunda mübarizə aparacaq.
Əsas mübarizənin hazırkı prezident Petro Poroşenko, ukraynalı aktyor və siyasi xadim Vladimir Zelenski və Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko arasında olacağı gözlənilir.
Seçki öncəsi vəziyyət isə 39 namizəddən biri olan aktyor, komediya ustası Vladimir Zelenskinin xeyrinədir. “Rating Group” İctimai Birliyinin davamlı olaraq təşkil etdiyi sorğunun nəticəsinə görə, sorğuya qatılanların 26,6 faizi Vladimir Zelenskini dəstəkləyəcək. Hazırkı prezident Petro Poroşenko və sabiq hökumət rəhbəri Yuliya Timoşenkonun xeyrinə isə təxminən eyni sayda - 17 faizi səs verəcək.
Seçkilərlə bağlı Ukraynanın Azərbaycandakı səfirliyində də səsvermə məntəqəsi açılıb.