BAKI, 11 oktyabr — Sputnik. ABŞ-ın vitse-prezidenti Mayk Pens səudiyyəli jurnalist Camal Qaşıqçının Türkiyədə itkin düşməsi ilə bağlı Səudiyyə Ərəbistanına yardım təklif edib.
Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Mayk Pens "Səudiyyə Ərəbistanı yardım istəsə, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşlarını Türkiyəyə göndərə bilərik" deyib.
Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edir.
Səudiyyə hakimiyyətini tənqid edən Qaşıqçı son bir il ərzində öldürülmək qorxusundan Vaşinqtonda yaşayıb. O Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulluğuna nikah imzalamaq üçün lazım olan sənədləri almağa gəlibmiş. Onun nişanlısı isə Qaşıqçını çöldə gözləyib. Həmin vaxtdan jurnalisti görən olmayıb.
BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ravina Shamdasani səudiyyəli jurnalistin itkin düşməsindən ciddi narahatlıq keçirdiklərini deyib. O, Türkiyə və Səudiyyə Ərəbistanına müraciət edərək iki ölkənin bir an əvvəl istintaq apararaq hadisənin işıqlandırılmasının lazım olduğunu dilə gətirib.
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı axtarış aparılacaq. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Səudiyyə jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.
"Mən sadəcə bir jurnalistəm. "Vaşinqton Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.