06:01 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
DÜNYA
Qısa URL
43

1600-cü il fevralın 17-də görkəmli italyan filosofu və şairi Cordano Bruno inkvizisiyanın qərarı ilə tonqalda yandırılıb.

BAKI, 17 fev — Sputnik. 1600-cü il fevralın 17-də görkəmli italyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno, 1548-1600) inkvizisiyanın qərarı ilə edam edilib (tonqalda yandırılıb).

Cordano Bruno əsl elm fədaisi olub. Valideynləri onu yeniyetmə ikən monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi. Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu.

Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu. Bruno gözəl mühazirəçi və istedadlı yazıçı idi.

Kopernik təlimini inkişaf etdirən Bruno göstərirdi ki, Kainatın hüdudu, ölçüsü və sonu yoxdur. Nəinki Yer, hətta Günəşin özü də dünyanın mərkəzi deyil. Kainat saysız-hesabsız ulduzlardan ibarətdir; onlardan hər biri bizdən uzaqda olan günəşdir. Bu günəşlərin hər birinin ətrafında öz planetləri fırlanır.

Vətən həsrətinə dözə bilməyən Bruno İtaliyaya qayıtdı. Burada o, xaincəsinə ələ verildi və kilsə məhkəməsinin pəncəsinə keçdi. Bruno, demək olar səkkiz il dəhşətli həbsxanalarda saxlanıldı. Lakin kilsə məhkəməsi nə işgəncə, nə də dilə tutmaqla onu öz baxışlarından döndərə bilmədi. Kilsə məhkəməsi alimi tonqalda yandırılmağa məhkum etdi. Bruno məhkəmənin hökmünü dinlədikdən sonra öz cəlladlarının üzünəcə dedi: Hökmü oxuyarkən siz qorxudan tir-tir əsirsiniz, mən isə tonqalda yandırılmağa gedərkən sizin qədər qorxmuram.

1600-cü ildə Bruno yandırıldı. Onun edam olunduğu yerdə, Romanın Güllər meydanında sonralar alimə abidə ucaldıldı. Həmin abidənin üzərində bu sözlər həkk olunub: "O, bütün xalqların fikir azadlığı uğrunda öz səsini ucaldıb və bu azadlıq yolunda da ölümə gedib".

Əsas mövzular