BAKI, 30 iyun — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan "Mustafa Kamal Atatürk – 2021" birgə döyüş atışlı taktiki təlimləri davam edir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunur.
İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.
Azərbaycanla Türkiyənin birgə təlimləri
Konyada yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi mayın 24-də başlamışdı. Azərbayan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi təlimlər iyunun 6-da başa çatıb.
İyunun 21-də start götürmüş "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi isə iyulun 3-də bitəcək. Azərbaycan HHQ-nin hərbi pilotları təlimlərdə müxtəlif tapşırıqları icra edirlər.