BAKI, 8 aprel — Sputnik. Dünyanın İT nəhənglərindən biri olan "Google" növbəti flaqman smartfonlarını şirkətin öz istehsalı olan prosessorlarla buraxacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırda "Google" və "Samsung" şirkətinin əməkdaşları yeni çip üzərində birgə iş aparırlar. "Whitechapel" adını almış prosessorun ilin sonuna qədər hazır olacağı bildirilir. Ehtimal ki, yeni qurğu ilk dəfə payızda təqdim olunacaq "Pixel 6" seriyalı smartfonlarda istifadə ediləcək.
Qeyd olunur ki, "Google"-un hazırda aktual olan "Pixel" seriyalı smartfonlarında "Qualcomm" prosessorlarından istifadə olunur.
Ekspertlər hesab edir ki, öz prosessorunu buraxmaqla şirkət smartfonların iş məhsuldarlığını artırmağa və təchizatçılardan asılılığı aradan qaldırmağa çalışır. Jurnalistlərin əldə etdikləri məlumatlara əsasən, yeni çip əvvəlcə smartfonlarda, sonra isə "Chromebook" noutbuklarında tətbiq olunacaq. Onların fikrincə, bununla "Google" öz prosessorları əsasında "iPhone" və "iPad" buraxan "Apple" şirkətinin konsepsiyasını təkrar edir.
Xatırladaq ki, ötən ilin noyabrında "Apple" öz məhsulu olan M1 prosessorları əsasında yeni kompüterlərini də təqdim edib. Əvvəllər isə "Apple" kompüterlərində "Intel" markalı çiplərdən istifadə olunurdu.
Qeyd edək ki, öz prosessorları əsasında smartfon istehsal edən şirkətlərdən biri də "Samsung" şirkətidir.