06:27 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
71 0 0

Sadiq Fərzəlibəyin sözlərinə görə, "Facebook" ədalətli davransa və əgər həmin postda təhqir varsa, bir şikayətlə də bağlana bilər.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Son günlər "Facebook", "Twitter" və bəzi sosial media hesabları, o cümlədən səhifələrin silinməsi bir çox insanların narahatlığına səbəb olub. "Amerikasayağı Bakı" səhifəsinin və son günlər bütün sosial platforma reytinqlərinin ilk üçlüyündə yer alan "#DontbelieveArmenia" həştəqinin yaradıcısı Sadiq Fərzəlibəy bu suallara aydınlıq gətirib:

"Sosial şəbəkədə aktivəm. 2009-cu ildə ilk dəfə profilimi açmışam. "Facebook"dan başqa "Twitter"də də aktiv olmuşam. "Twitter" səhifəmi 2011-ci ildə açmışam. Həmin ildə "Youtube" səhifəmi də açdım. Digərlərində də aktiv olmuşam. Bu vaxta qədər qazandıqlarımdan bəhrələnirəm. "Amerikansayağı Bakı" səhifəsini 2015-ci ildə açmışdım. Məqsəd Azərbaycanın bölgələrini çəkib oranı xarici ölkələrə bənzətmək idi".

"Niyə məhz "Amerikansayağı Bakı"?"sualına müsahibimizin cavabı belə oldu: "Tutaq ki, Neftçilərdə haranısa çəkirdim, üstündə bir az işləyirdim, yazırdım ki, bura Avropanın hansısa şəhərindəki küçə deyil, bura Neftçilərdir. Mənim bu ideyamı sonralar ermənilər də oğurlamışdılar. Müharibə vaxtı düşündüm ki, əlimdəki imkandan yararlanım. Niyə də bu gücümüzü beynəlxalq arenada istifadə etməyək?"

© Sputnik / Murad Orujov
Sadiq Fərzəlibəy

Fərzəlibəyin sözlərinə görə, digər səhifə adminlərinə müraciət edəndə xoş qarşılamayıblar. Deyiblər, "biz xəbər paylaşmaq istəyirik".

"Mən dedim insanları düzgün istiqamətə yönləndirmək lazımdır ki, bir uğurumuz olsun. Amma sonradan gec də olsa qoşuldular. Komanda kimi fəaliyyət göstərdik. Amma son günlər gündəm mövzuların çox olması ilə bağlı tək fəaliyyət göstərirəm. Tək fəaliyyət göstərəndə daha sürətli olur. Çünki, komanda şəklində işləyəndə digər adminlərin də qərarını gözləyirsən. Bu da gecikmələrə səbəb olur", - o, bildirib.

Həmsöhbətimiz ona bu yolda dəstək olan insanlardan da danışıb: "Mənə çox dəstək olurlar. Şou-biznes nümayəndələrindən tutmuş, rəsmi şəxslərə qədər. Öz peşəsinin peşəkarı olan insanlar mənə çox kömək elədi. Nazirliklərin demək olar ki, hamısından zəng gəlib, mənə təşəkkür edirlər, yanımda olduqlarını söyləyirlər. Bundan başqa, "ASAN Xidmət" də mənə kömək edir. Zəng edib dedilər ki, arxanızdayıq. Onlar adlarının açıqlanmasını istəmirlər, mən onları "gizli qəhramanlar" adlandırıram".

S.Fərzəlibəy "#DontbelieveArmenia" həştəqinin yaranmasından bəhs edərkən deyib: "Tutaq ki, hansısa dünya ulduzu ermənilərə dəstək yönümlü post paylaşıb. Biz istəyirik ki, onlara çatdıraq ki, onlar bundan xəbərsizdilər. Kreativ posterlər hazırlanırdı. Biz də o posterləri paylaşırdıq. "Görünməyən qəhrəmanlar"ımız həddindən artıqdır. Mən onları izləyə bilmirəm. Əvvəllər ayrı-ayrı şəxslər təkbaşına vuruşurdular. Mənim səhifəm bu gücləri birləşdirdi. Əvvəllər həştəq yaradırdılar, heç biri trendə düşmürdü. Mən ilk dəfə #DontBelieveArmenia həştəqi yaratdım. Dedim heç olmasa dünya trendinə düşək. Sonradan məlumat aldım ki, #Karabakhisazerbaijan həştəqi trendə düşüb bir neçə dəfə. Bizim səhifənin sayəsində 400000-dən çox insan "Twitter"də yer alıb. Bu, "Twitter" üçün böyük rəqəmdir".

© Sputnik / Murad Orujov
Sadiq Fərzəlibəy

"Əvvəllər Azərbaycanda "Twitter" istifadəçisi çox az idi. Son dönəmlərdə artdı, xüsusən İlham Əliyevin tvitlərindən xəbərdar olmaq üçün o səhifəyə üzv oldular. #DontBelieveArmenia" həştəqi yaranandan hardasa bir həftə sonra bir milyon yarım tvit atılmışdı. Beləliklə, biz trendə düşdük. Həmin həştəq dünya xəbər saytlarına çıxdı. Orada səhifənin adını da yazmışdılar. Xəbər başlığında belə yazılmışdı ki, "Azərbaycan və Ermənistan virtual cəbhədə də vuruşurlar". Həmin həştəqlərlə biz Kardi B-yə də baş çəkdik. Kardi B üzr istədi. Üzr istəyəndən sonra ermənilər hücum etməyə başladı ona. Hətta 4-5 tvit atdı ayrı-ayrı. Xatırlayırsınınzsa, Elton Con da ermənilərə dəstək yönümlü paylaşım etmişdi. Həqiqətləri çatdırdıq, həmin statusu sildi. Düzdü üzr istəmədi, amma statusu yumşaltdı. Post paylaşdı ki, "hər iki tərəfdən itkilərin olmasını istəmərəm". Bəlkə də onlar heç Azərbaycanın yerini bilmirlər. Bəzi şou-biznes nümayəndələrinin təsdiq olunmuş səhifələri bizə çox kömək olub" deyə müsahibimiz əlavə edib.

Son vaxtlar ən çox verilən suallardan biri də "Twitter" səhifələrinin bağlanması ilə bağlıdır. Bəs bunun səbəbi nədir?

"Bizimkilər ilk dəfə "Twitter"-ə hücum edəndə 8000 profili blok elədi. Bunun səbəbi o idi ki, profillər yeni açılıb. Birdən birə xeyli tvit atdılar, bəyənmə oldu. "Twitter"in süni intelektləri də elə başa düşür ki, bu insanlar insan deyil, "bot"lardır. Bir qrup bloklanma oldu həmin sosial şəbəkədə. Dediyim məsələ "Facebook"-a da aiddir. Biz kütləvi şəkildə "kopya"lanmış rəylərdən istifadə etdik. Həmin rəylər çox olduqca "Facebook" onu "spam" kimi qəbul etdi və əksər səhifələr bloklandı. Hətta həmin səhifələri araşdırmışdılar, "bot" adlandırmışdılar".

S.Fərzəlibəyin dediyinə görə, məşhur bir xarici sayt bununla bağlı araşdırma aparıb. Dediyinə görə, həmin saytda çalışanlardan biri də erməni idi: "Onlar demişdilər ki, "biz bilmirik bu insandır, yoxsa "bot"dur. Aktivlik "bot" aktivliyidir. Əlavə etmişdilər ki, bunu edən kompüter və ya "bot" deyil, bu, insandır". Digər bloklanma isə onunla bağlıdır ki, bizim insanlar emosionaldırlar, bəzən özlərini cilovlaya bilmirlər, orada ermənilərin rəylərinə təhqir yazırlar. Düşünürəm ki, əsas səbəb odur. Amma qəribə bir alqoritma var bu məsələdə. Söysəniz belə, bir hərfi yazmaya bilərsiniz, deyəcəyiniz sözü 2 başlı da yaza bilərsiniz. Bu zaman bloklanmayacaqlar. Ermənilər bu işdə də hiyləgərdirlər. Onlar təhqir edəndə də "smaylik"lərdən istifadə edirlər. Onlar sözlərdən istifadə etmədiklərinə görə alqoritma onu blok eləmir".

© Sputnik / Murad Orujov
Sadiq Fərzəlibəy

"Amma bəzən yazmışıq ki, "Azərbaycan güclü dövlətdir" yazmışıq, bizi blok edib. Amma maraqlıdır ki, ermənilər təhqir də yazdıqları halda onların səhifələri blok olunmur. Bunun da səbəbini araşdırdıq. Səbəb isə "Facebook"da işləyən ermənidir. Bizim bölgəyə ermənilər baxır. Bizi təhqir edən neçə erməni səhifəsini şikayət etməyimə rəğmən, şikayətimiz qeydə alınmadı. Cavab gəldi ki, heç bir qayda pozuntusu yoxdur".

Həmsöhbətimiz əlavə edib ki, tutaq ki, bir postu şikayət etmisinizsə, həmin posta gülüş, ürək "smaylik"i atılıbsa, həmin post silinməyəcək: "Əgər bir statusda əsəbi "smaylik"i çox olarsa və həmin post şikayət olunarsa, post silinə bilər. Əsəbi "smaylik"in çox olduğu postu yoxlayırlar, görək doğrudan da həmin post insanları əsəbləşdirir. Amma rəsmi olaraq heç yerdə belə bir qanun yoxdur".

Müsahibimizin sözlərinə görə, "Facebook" ədalətli davransa və əgər həmin postda təhqir varsa, 1 şikayətlə də bağlana bilər:

"İndiki situasiyanı çıxsaq, 1 şikayətlə də bağlana bilər. Nöqtə-vergül məsələsi aktivliyə kömək edir. Tutaq ki, özünün 1 statusuna 10-15 bəyənmə gəlirdisə, siz nöqtə-vergül istəyəndə həmin insanlar sizə rəy yazdığı üçün, statusunuza baxdığı üçün "Facebook" alqoritması sizi ona yaxın hiss edir. Beləliklə növbəti dəfə sizin postlarınızı daha çox insanın lövhəsində göstərməyə başlayacaq. Nöqtə-vergül səhifənizin aktivliyinə kömək edir. Həmin aktivlik də səhifənin bağlanmağının qarşısını az-çox ala bilər".
© Sputnik / Murad Orujov
Sadiq Fərzəlibəy

İnsanları daha çox düşündürən məsələlərdən biri də səhifənin təsdiqlənməsidir. Bəs bu mexanizm necə tənzimlənir?: "Səhifənin təsdiqlənməsi ilk vaxtlar asan idi. Amma zaman keçdikcə sui-istifadələrə görə prosesi çətinləşdirdilər. "Ton forma" yaradıblar, ora müraciət edirsiniz. Ondan sonra təsdiqlənir. 10 nəfər bəyənməsi olan səhifə təsdiqlənmə ala bilər. Tutaq ki, siz bir repersiniz, Azərbaycanda min bəyənməniz var, amma siz "Facebook"-a müraciət edirsiniz, fəaliyyətinizi təqdim edirsiniz, bundan sonra "Facebook" sizə təsdiq verə bilər".

Fərzəlibəy xəbər saytlarının səhifələrinin tez-tez bağlanmasının səbəblərindən danışıb: "Məsələn siz bir xəbər paylaşırsınız, bu xəbər kimlərsə tərəfindən bəyənilmir, bəzən onu şikayət edirlər. Bəzən buna görə bağlanılır. Bəzən də yayılması qadağan olunan görüntülər yayımlana bilər. Tutaq ki, qəza, şiddət tipli video paylaşdığına görə həmin "Facebook" səhifəsinə qadağa qoyula bilər. Başqa bir səbəb də müəllif hüququdur. Ola bilər ki, siz hansısa video və foto paylaşmısınız, amma müəllifi qeyd etməmisiniz. Həmin müəllif şikayət edir, sizə bir dəfə xəbərdarlıq göndərilir ki, bir də belə bir hal yaşansa, səhifə silinə bilər. Siz o xəbərdarlığa məhəl qoymasanız, səhifəniz bağlana bilər".

Teqlər:
sosial şəbəkə, sosial media, sosial, Twitter, facebook, Facebook

Əsas mövzular