BAKI, 23 mart - Sputnik. Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov promouşenin bütün reytinqlərindən çıxarılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat təşkilatın saytında yer alıb.
İndi UFC-nin reytinqində çəki dərəcəsindən asılı olmayaraq birinci yeri yarımağır çəkidə çempion olmuş Con Cons tutur. İkinci yerdə yarımorta çəkidə çempion olmuş Kamaru Usman qərarlaşıb. Üçüncü sıraya ağır divizionun ən yaxşı nümayəndəsi Stipe Mioçiç qalxıb.
15-ci pilləyə isə UFC-nin iki çəki dərəcəsində çempion olmuş Konor Makqreqor qayıdıb.
Yüngül çəkidəki qurşaq rəsmi olaraq vakant elan olunub. Burada reytinqin ilk üç sırasını amerikalılar Dastin Porye, Castin Getci və braziliyalı Çarlz Oliveyra tuturlar.
UFC 254 turnirində Getcini məğlub edəndən sonra Nurməhəmmədov bildirdi ki, karyerasını bitirir. Promouşenin rəhbəri Dana Uayt onu idmana qayıtmaq üçün dilə tutsa da, martın 19-da elan etdi ki, Həbib qəti surətdə "pensiyaya çıxıb".
Nurməhəmmədov peşəkar karyerası ərzində 29 görüşdə 29 qələbə qazanıb. UFC-də 2012-ci ildə debüt edib. Onun promouşendə rekordu 13-0-dır.
2018-ci ilin aprelində Nurməhəmmədov yüngül çəkidə UFC çempionu olub. Las-Veqasda keçirilən UFC 229 turnirində o, iki çəki dərəcəsində çempion olmuş irlandiyalı Konor MakQreqora ağrı fəndi ilə qalib gəlmişdi. O, titulunu qorumaq üçün Porye ilə də görüşmüş, onu boğma fəndi ilə məğlub etmişdi.
UFC-nin orta çəkidə keçmiş çempionu Lyuk Rokhold bildirib ki, Nurməhəmmədov onun məşqçisi ola bilər.