21:58 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
ELM
Qısa URL
61500

Bioloqun sözlərinə görə, bəzi kəpənəklərin qanadlarının üzərindəki tozcuqlar allergiyalı şəxslərə əks təsir göstərə bilərlər.

BAKI, 9 sentyabr — Sputnik. Abşeron yarımadası və Sumqayıtda kəpənəklərin kütləvi axını və hərəkəti müşahidə edilir. Son günlər bu barədə sosial şəbəkə istifadəçiləri məlumatlar və fotolar paylamaqda davam edirlər. Onlar qəfil qonaq gələn bu həşəratların insanlara və təbiətə ciddi zərər vuracağından narahatdırlar. Sputnik Azərbaycan insanların narahatlığına son qoymaq üçün bu kəpənəklərin zərərlərini araşdırıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru İradə Nuriyeva Sputnik Azərbaycan-a bildirib ki, kəpənəklərin inkişafı müəyyən dövrlərdə müşahidə olunur. 10-12 ildən bir onların inkişafı, artımı, kütləvi çoxalması pik həddə çatır:

"Belə olan halda kəpənəklərin çoxalması kütləvi halda olur. Hazırda görülən kəpənəklər Azərbaycan dilində "Çəmən kəpənəkləri" adlanır. Bu kəpənəklər "odlucalar" qrupuna aiddir Odur ki, ona bəzən “çayır odlucası” da deyilir. Kəpənəklər özləri yox, əsasən onların tırtılları ziyanverici olurlar. Bu ziyanvericilər əsasən bitkilərlə qidalanırlar və iki ildən artıq müddətdə bitkilərə ziyan vururlar".

Həmsöhbətimiz deyir ki, tırtıllar əsasən tərəvəz, taxıl bitkilərinə zərər vururlar: "Yazda görünməyə başlayan bu tırtılların payızda ziyan verəcəkləri bitkilər qalmır. Bu tırtıllar eyni zamanda paxlalı bitkilər, cökə çuğunduru, arpa, buğda, kartof, alaq bitkilərinə də ziyan vururlar".

Bioloqun sözlərinə görə, son zamanlar havaların küləkli keçməsi ilə əlaqədar olaraq kəpənəklər digər ərazilərə də yayılırlar: "Ola bilsin ki, bu kəpənəklər Abşeron yarımadasının hansısa ərazisində lokal şəkildə peyda olublar, lakin artıq küləklə başqa ərazilərə də yayılıblar. Bu isə o deməkdir ki, hazırda tırtılların olmadığı ərazilər də gələn il onların zərərli hücumuna məruz qala bilər".

Onların gecə kəpənəkləri olduğunu və əsasən alatoranlığa gəldiyini söyləyən həmsöhbətimiz bildirir ki, bəzi kəpənəklərin qanadlarının üzərindəki tozcuqlar allergiyalı şəxslərə əks təsir göstərə bilər. Bu kəpənəklərin başqa zərərləri yoxdur.

İ.Nuriyevanın sözlərinə görə, bu kəpənəklər ehtimal ki, Abşeronda 4 nəsil verirlər: "Adətən 4-cü nəsil payızda peyda olur. Hazırda bizim rast gəldiyimiz kəpənəklər 4-cü nəslin kəpənəkləridir. Ümumiyyətlə, qeyd edim ki, kəpənəklərin həyatı 4-20 gün olur. Ola bilsin ki, bu kəpənəklər bir həftədən sonra məhv oldular".

Tırtılların zərərləri ilə mübarizəyə gəldikdə isə İ.Nuriyeva aqronomların bu işlə məşğul olmalarının vacibliyini vurğulayıb.

Ötən ilin may ayında isə Bakıda kəpənəklərin kütləvi axını müşahidə olunurdu. İ.Nuriyevanın sözlərinə görə, ötən il Bakıda yayılan "Amerika ağ kəpənəyi" idi. Builki kəpənəklər isə xırdadır və boz rəngdədirlər.

Əsas mövzular