ELM

Yerə düşmüş ən qədim meteorit tapılıb

© Depositphotos.com / Grechka333Метеоритный дождь
Метеоритный дождь  - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Qədim meteorit karbonlu xondritin – tərkibində üzvi maddə olan kosmik materialın nadir nümunəsidir. Yerin yaranmasından əvvələ aid olan bu material həyatın necə yarandığını anlamaq üçün mühüm addım olacaq.

BAKI, 22 iyul - Sputnik. İngiltərənin qərbində Qlosterşir qraflığında tapılmış kiçik daş parçasının ən qədim meteorit olduğu müəyyən edilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, alimlərin fikrincə, onun yaşı 4,6 milyard ildir. Bu, Yer üzündə indiyədək tapılmış ən qədim meteoritdir. Planetin öz yaşı 4,54 milyard ildir. Tapıntı haqqında Lafboro Universiteti məlumat yayıb.

Məlumatda bildirilib ki, Lafboro sakini, Şərqi İngiltərə Astrofizika Tədqiqatları Təşkilatının (EAARO) əməkdaşı Derek Robson tərəfindən tapılmış kömür rəngində bu kiçik daş Günəş sistemi planetlərinin formalaşmasından sonra qalmış kosmik zibil fraqmentidir. Güman edilir ki, o, Yer üzünə Mars və Yupiterin orbitləri arasında yerləşən asteroid qurşağından düşüb.

Hazırda Lafboro Universitetindən tədqiqatçılar EAARO-dan olan həmkarları ilə birlikdə meteoritin quruluşunu və tərkibini öyrənilər. Meteoritə, yaxınlığında tapıldığı kəndin adı verilib – Uinçkomb. Alimlər erkən Günəş sistemində baş vermiş proseslərə, eləcə də Yerin mənşəyi və burada həyatın yaranmasına dair suallara cavab tapmağa ümid edirlər.

Onlar səthin morfologiyasının mikron və nanometr miqyasda tədqiqi üçün elektron mikroskopiyadan, həmçinin maddələrin kristallik strukturu, kimyəvi faza və molekulyar qarşılıqlı təsiri haqqında müfəssəl məlumat verən titrəyiş spektroskopiyasından və rentgen şüalarının difraksiyasından istifadə edirlər.

Müəlliflərin fikrincə, meteoritin materialı heç vaxt güclü kosmik toqquşmalara məruz qalmamış, yəni protoplanetar cisimlərin meydana gəlməsində iştirak etməmiş hissəciklər və tozdan ibarət zəif birləşmiş betona bənzəyir. Daxili struktur kövrək, seyrək və məsaməlidir, çatlamışdır. Görünür ki, Marsın arxa tərəfində yerləşib və ona heç nə toxunmayıb.

Qədim meteorit karbonlu xondritin – tərkibində üzvi material olan kosmik materialın nadir nümunəsidir. Derek Robson bildirib ki, karbonlu xondritlərdə üzvi birləşmələr, bütün canlılarda olan aminturşular olur. Yerin yaranmasından əvvələ aid olan bu materialda sözügedən birləşmələrin tanınması və təsdiq edilməsi həyatın necə yarandığını anlamaq üçün mühüm addım olacaq.

Xəbər lenti
0