13:23 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
ELM
Qısa URL
23

"Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilərlər".

 

BAKI, 10 iyun — Sputnik. "Müəllimlərin sertifikasiyasını bu il pilot olaraq keçirməkdə israrlıyıq. Bu, təhsildə keyfiyyətin artırılmasına xidmət edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsindəki canlı yayımda bildirib.

Müəllimlərin sertifikasiyası

O deyib ki, adətən müəllimlər 20 yaşlarından başlayaraq dərs deməyə başlayırlar və bir çox hallarda 40 il dərs deyirlər. Bir ibtidai sinif müəllimi orta hesabla 10 sinifə dərs deyir, bu isə təxminən 250 şagird deməkdir, digər fənn müəllimləri isə yüzlərlə şagirdə dərs deyir:

"Əgər pandemiya imkan versə, sertifikasiyanı keçirmək istəyirik. Yeganə ləngimə səbəbi pandemiya ola bilər. Ümidliyik ki, pilot olaraq sertifikasiyanı payıza doğru keçirə bilərik. Ola bilər ki, bu, kiçik qrup olsun. Pedaqoji heyət üçün müxtəlif sınaqların, sessiyaların keçirilməsinə də çalışacağıq. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilərlər. Proses humanist əsaslarla hazırlanıb. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər".

Nazir bildirib ki, növbəti tədris ilində ənənəvi təhsilə qayıtmağın tərəfdarıyıq. Gündəlik vaksinasiya sayı kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, 80 % təhsilalan və təhsilverən vaksinasiyadan keçibsə, yaxud immunitet formalaşıbsa, ənənəvi təhsilə qayıtmaq mümkün olar.

Bakı üzrə vaksinasiyadan keçməyən təhsil işçilərinin sayı

Nazir bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 38 185 təhsil işçisindən 24 502 nəfəri vaksinasiyadan keçib: "4620 nəfər koronavirusa yoluxduğuna görə peyvənd olunmayıb. İndiyədək 3 400 nəfər digər səbəblərdən, 3000-ə yaxın şəxs arayış gətirdiyinə görə vaksinasiya olunmayıb, 2500 nəfər isə imtina edib. Vaksin vurdurmayan insanların yoluxma riski yüksəkdir. Ona görə də çalışmaq lazımdır ki, tez bir zamanda peyvənd olunsunlar".

Pandemiyanın təhsilə təsiri

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus pandemiyası dövründə qəbul olunmuş bəzi qadağalar aradan qaldırılıb. Operativ Qərargahın qərarına əsasən, bu gündən etibarən idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklərin fəaliyyətinə icazə verilib. Bu gündən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi yoxdur.

Eləcə də oxuyun:

  • Təhsil naziri ilin yekunlarını vurur - "Son zəng"lə bağlı şərtləri açıqladı

  • Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

  • Təhsildə yeniliklər olacaq: müəllimlər və valideynlər nə gözləyirlər

Əsas mövzular