BAKI, 4 iyun — Sputnik. "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədilə istifadəyə verilən http://e-telebe.edu.az portalı üzərindən 2020-21-ci tədris ilinin 2-ci yarımili üçün müraciətlərin qəbulu 11.06.2021-ci il tarixinədək uzadılıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, bu qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etməsi xahiş olunur.
Xatırladaq ki, 31 may saat 20:00-dək olan məlumata əsasən, portal vasitəsilə ümumilikdə 26164 müraciət edilib.
Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu mayın 19-dan aktivləşdirib.
Eləcə də oxuyun:
-
Xaricdə oxuyanların diplomları tanınmadı
-
Azərbaycanda ali təhsili qanuna sığdırmaq müşkülə çevrilib
-
Məktəblər bu il iyunun 30-da bağlanacaq - Nazirin yeniliyi şagirdlərə nə verəcək?