BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.
Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.
AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.
Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.
İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.
Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.