17:26 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
ELM
Qısa URL
37 0 0

Təhsil Nazirliyi: “Müraciət edən şəxslər arasında ən yüksək bal toplayan namizədlərə iş təklifi edilib və digər namizədlər ehtiyat siyahısına daxil edilib”

BAKI, 4 noyabr - Sputnik. Peşə təhsili sisteminin spesifik cəhətlərindən biri bu təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin həm pedaqoji biliyinin, həm də ixtisas üzrə praktiki səriştələrinin olmasının vacibliyidir. Bu tələb həmin sahədə peşəkar müəllimlərlə təminatı çətinləşdirir. Peşə təhsili sahəsində usta-pedaqoji heyətin yetişdirilməsi üçün müvafiq ali təhsil bazasının olmaması da əsas problemlərdən biri kimi qeyd edilməlidir. Sözsüz ki, peşə təhsili müəllimlərinin cari əməkhaqqı səviyyəsi tam məşğulluq işi axtaran şəxslər üçün cəlbedici deyil. Belə ki, peşə təhsili məktəblərinin müəllimləri üçün əməkhaqqının aşağı olması peşə təhsili sahəsinə səriştəli kadrların cəlb edilməsini mürəkkəbləşdirir. 

Bəs görəsən hazırda peşə təhsili sahəsində pedoqoji heyətin hazırlığı necə qiymətləndirilir? Təhsil Nazirliyindən sorğumuza cavabda bildirdilər ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi aparılır:

“2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müraciətlərin təhlili prosesi yekunlaşıb. Qeyd edək ki, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yer almaqdadır. Hazırda ixtisas fənn müəllimi və istehsalat təlimi ustası ixtisasları üzrə müraciət edən və ilk mərhələdən uğurla keçən şəxslər müsahibəyə dəvət olunmaqdadır. Bakı şəhəri üzrə yerləşən peşə təhsili müəssisələrində müsahibəyə çıxarılmış vakansiyalar üzrə 168 namizədin 293 müraciəti təhlil edilmiş və 98 namizəd müvafiq müraicətləri üzrə müsahibədən keçirilib".

Nazirlik bildirib ki, ümumtəhsil fənn müəllimlərinin seçimi MİQ müsabiqəsinin nəticələrinə əsaslanıb. Müraciət edən şəxslər arasında ən yüksək bal toplayan namizədlərə iş təklifi edilib və digər namizədlər ehtiyat siyahısına daxil edilib:

"Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim edilir. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınır. Namizədlər şəxsi kabinetlərini izləyərək nəticələr ilə tanış ola bilərlər. Seçilmiş namizədlər ilə telefon vasitəsi ilə də əlaqə saxlanıb, nəticələr bildiriləcəkdir. İxtisas müəllimləri və istehsalat təlimi ustaları üzrə müsahibə mərhələsinə keçmiş namizədlər haqqında məlumat mərhələli şəkildə şəxsi kabinetə yerləşdirilir".

"Məlumat üçün bildirək ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilmişdir. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası  vakansiyaları üzrə aparılan müsabiqəyə elektron müraciət mərhələsi zamanı ümumi 2091 müraciət daxil olub”, - deyə Nazirlikdən bildirilib. 

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Teqlər:
müəllimlər, müəllim, Təhsil Nazirliyi, Texniki Peşə Məktəbi, peşə təhsili, peşə

Əsas mövzular