18:18 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
110210

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzində bu məqsədlə müəllimlər üçün təlimlər keçirilib. Təlimlərə həm paytaxtdan, həmçinin də bölgələrədən müəllimlər cəlb edilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Yeni tədris ilindən orta və ali məktəblərdə dərslərin onlayn keçirilməsi məsafədən təhsillə bağlı kadr hazırlığı məsələsini gündəmə gətirib. Ötən tədris ilində onlayn təhsilə keçid istər orta, istər də ali təhsil müəssisələrində müəllimlərin bu prosesə hazır olmadıqlarını göstərdi. Müəllimlərin primitiv İKT bacarıqlarının olmaması onların dərs proqramını şagirdlərə mənimsətməsinə ciddi maneə yaratdı. Bəs görəsən, bu il analoji problemlərin yaşanmaması üçün hansı addımlar atılıb? Onlayn dərslərin sinif otaqlarında keçirilən dərslərdən keyfiyyətcə fərqlənməməsi üçün müəllimlərin hazırlığı istiqamətində hansı işlər görülməlidir?

Məsafədən təhsil ödənişi aşağı salacaqmı? Onlar bu sualı çox aqressiv qarşılayırlar>>

Sputnik Azərbaycan-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, pandemiya dövründə hələ ilk vaxtlardan onlayn təhsil müəllimlərin məsafədən dərs keçmək üçün platformalardan istifadə bacarığının olmadığını üzə çıxartdı:

"Mart ayından teledərslər və virtual məktəb layihələrinə start verilsə də, bu da effekt vermədi. Geridə qoyduğumuz dövrdə isə müəllimlərin onlayn təhsilvermə bacarığının artırılması üçün faktiki olaraq heç bir iş görülməyib. Türkiyədə müəllimlər yeni tədris ili öncəsi seminarlara dəvət ediliblər, onlayn təhsilvermə bacarıqları inkişaf etdirilib. Bizim virtul məktəbdə isə cəmi 50 min müəllim qeydiyyatdan keçib. Hazırkı vəziyyət onu göstrərir ki, onlayn təhsillə bağlı bu tədris ili biz müsbət dəyişikliyin şahidi olmayacağıq.

Çünki Azərbaycanda təhsilalma formalarından biri kimi distant təhsil qəbul edilsə də, uzun illər bundan istifadə edilməyib. Pandemiya dövründə onlayn təhsil günün tələbinə çevrildiyindən buna icazə verilsə belə, kadr hazırlığı olmadığından, onlayn təhsildə təhsilvermə keyfiyyəti çox aşağı oldu. Bu tədris ili də eyni formatda tədris həyata keçiriləcəksə, biz təhsilin keyfiyyətindən danışa bilmərik".

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, yeni tədris ili ərəfəsi cəmiyyəti də düşündürən əsas sual onlayn təhsil formasında keyfiyyət məsələsidir: "Biz yenə o fikirdəyik ki, onlayn təhsil ənənəvi təhsili əvəz edə bilməz. Amma bu gün bizi düşündürən əsas məsələ odur ki, biz bir nəsli itirməyək. Hansı formada olur-olsun təhsilverməni təmin edək. Müəllimlərin hazırlığı ilə bağlı məsələyə gəlincə, ali təhsil müəssisələri kadr hazırlığı məsələsində xeyli iş görüb. Amma unutmayaq ki, distant təhsilə başlamaq üçün 5-6 il vaxt lazımdır. Bu müddəti gözləmək üçün vaxtımız olmasa da, müəllimlərə müəyyən seminarlar təşkil edilərək bilgi verilib. Əsas odur ki, bizim təhsilalanlarımız proqramdan kənar qalmasınlar. Amma orta məktəblərdə vəziyyət bir qədər çətindir. Məktəbyaşlı uşaqların, xüsusilə 5-9-cu sinif şagirdlərinin təhsilalmasında müəyyən çətinliklər yaşana bilər. Bu təkcə müəllim hazırlığı ilə bağlı deyil. Həmin şagirdlər arasında internetə və texniki avadanlıqlara əlçatanlıqla bağlı bir məsələdir. Ona görə də Təhsil Nazirliyi, düşünürəm ki, çox düzgün qərar verib. Virtual məktəb platformasının davam etdirilməsi və teledərslərə start verilməsi ilə dərs proqramının mənimsədilməsi mümkün olacaq. Biz ümid edirik ki, cəmiyyət də təhsil ictimaiyyətinin yanında olacaq".

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlayn təhsillə bağlı müəllimlərin hazırlığının daha da təkminləşdirilməsi üçün xeyli iş görülüb. Onun sözlərinə görə, Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzində bu məqsədlə müəlllimlər üçün təlimlər keçirilib. Təlimlərə həm paytaxtdan, həmçinin də bölgələrdən müəllimlər cəlb edilib. Müəllimlərin İKT və onlayn təhsilvermə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində iş aparılıb.

Əlaqədar

Ucuz və asan xaricdə təhsil - Gələcəyimizə vurulan balta
Ekspert: "Şagirdlərin ictimai nəqliyyatdan istifadəsi yoluxma sayını artıra bilər"
Mal hazırdır, qərar yox: uşaqlarımıza məktəbə rəngarəng geyinməyə izn verəcəklərmi? - FOTO
Valideynlərin köhnə dərdi ikiqat təzələndi, ən pisi - bu dəfə heç kim heç nə bilmir
UNİCEF xəstəliyə yoluxmaqdan deyil, məktəblərin bağlı qalmasından qorxmağı məsləhət görür
Teqlər:
keyfiyyət, bacarıq, İKT, müəllim, təhsil, onlayn

Əsas mövzular