23:16 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
125120

Abituriyentlərin xaricə axışmalarının səbəbi əsasən təhsil haqqının yüksək olması yox, xarici ölkələrdə universitetlərə atestatla qəbul imkanının yaradılmasıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Hər il olduğu kimi bu ildə xeyli sayda abituriyent xaricdə təhsil almağa hazırlaşır. Azərbaycanda ali təhsil müəssisələrində ixtisasların sayı artırılsa da, təhsil almaq üçün xaricə üz tutanların sayı azalmır.  Hətta bu günlərdə günlərdə Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib. Nazirlik xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırıb. Həmçinin əvvəlki illərin təcrübəsinə görə bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşların çətinlik və mənfi hallarla üzləşdiyi də qeyd olunub.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü İsa Həbibbəyli isə mətbuata açıqlamasında ən zəruri ixtisaslar üzrə xaricdə təhsil almağın daha məqsədəuyğun olduğunu bildirib. O, bildirib ki, ölkədə ali təhsilin səviyyəsi getdikcə qalxır: “Amma bu səviyyəni daha da yüksəltmək lazımdır. Sadəcə, ən zəruri ixtisaslar üzrə xaricdə təhsil almaq daha məqsədəuyğundur”.

Sputnik Azərbaycan xaricdə təhsilə marağın artmasının nədən qaynaqlandığını, bu axının qarşısını almaq üçün çıxış yollarını araşdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda özəl ali təhsil müəssisələrində təhsil haqları çox yüksəkdir. Bu tələbələrin xaricə axınına səbəb olan amillərdən biridir. Bəzi özəl ali məktəblər heç bir qayda-qanunlara sığmadan, təhsilin keyfiyətinə diqqət etmədən, fantastik məbləğlər müəyyənləşdirib. Elə bu səbəbdən də yerlər boş qalır. Nəzərə almaq lazımdır ki, dünyanın başqa ölkələri ilə müqayisədə bizdə özəl ali məktəblərdə təhsil haqları yüksəkdir. Pandemiya dövründə isə ailələrin gəlirləri azalıb. Bunu nəzərə alaraq özəl universitetlər təhsil haqlarına yenidən baxmalıdırlar”.

E. Əliyev deyir ki, ən azı universitetlərdə ödənişli əsaslarla oxuyan tələbələrə güzəştlər olunmalı, təhsil haqlarının hissə-hissə ödənilməsinə imkan yaradılmalıdır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov isə Sputnikə açıqlamasında bildirib ki, abituriyentlərin xaricə axışmalarının səbəbi əsasən təhsil haqqının yüksək olması yox, xarici ölkələrdə universitetlərə atestatla qəbul imkanının yaradılmasıdır: “Ukrayna, Gürcüstan, Türkiyə kimi ölkələr qəbul imtahanı götürmədən ali məktəbə qəbul aparırlar. Bu da ona gətirib çıxardır ki, uşağı zəif oxuyan valideynlər övladlarını Gürcüstan, Ukrayna, Türkiyə kimi ölkələrə göndərir.

Biz istəyiriksə o uşaqların hamısı Azərbaycanda qalıb oxusun, qəbul imtahanları yığışdırılmalıdır.

Yığışdırılmasa da ali məktəblərə qəbul məsələsinə yenidən baxılmalıdır. Nəzərə almaq lazımdır ki, biliyi kafi səviyyədə olan, Azərbaycanda ali məktəbə qəbul ola bilməyən abituriyentlər Gürcüstanda hansısa universitetə imtahansız qəbul olur. Bu ölkələrdə ali məktəblərə 100 faiz qəbul mümkündür. Ona görə də, Azərbaycan təhsil siyasətinə yenidən baxmalıdır. Əks halda biz hər il xeyli sayda tələbə və pul itirmiş olacağıq”.

Qeyd edək ki, ölkəmizdə ixtisaslar üzrə ali təhsil üzrə illik təhsil xərcləri 1710 manatdan başlayaraq 8200 manatadək dəyişir. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

Əsas mövzular