CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya zamanı birinci olmaq? 17 yaşlı oğlan sirləri açıqlayır - FOTO

© Sputnik / Rahim MuradovLenkəranda şəxs
Lenkəranda şəxs - Sputnik Azərbaycan
Abunə olmaq
“Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil” - Həsən Abbaslı

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı 11-ci siniflər üçün buraxılış imtahanında mümkün 300 baldan 297.1 balı toplamaqla respublikada ən yüksək nəticə əldə edib.

Həsən Abbaslı Sputnik Azərbaycan-a bildirib ki, onun imtahanlara hazırlaşmaq üçün konkret qrafiki olmayıb. 

© Sputnik / Rahim MuradovLənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı
Pandemiya zamanı birinci olmaq? 17 yaşlı oğlan sirləri açıqlayır - FOTO - Sputnik Azərbaycan
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

“Bacardığım qədər dərslərimi öyrənməyə və eləcə də digər məşğuliyyətlərimə vaxt ayırmağa çalışırdım. Yəni başqa məşğuliyyətlərimdən əl çəkim, ancaq dərslə məşğul olum - xeyr, belə etmədim. Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil. Hər bir məşğuliyyətə müəyyən qədər vaxt ayırmaq lazımdır. Təbii ki, son vaxtlar istirahət saatlarımı azaldıb dərs saatlarına daha çox yer ayırmışdım. Bütün səylərim də imtahan nəticəsində öz əksini tapdı. 

Son aylarda, bildiyiniz kimi, məlum səbəblərdən dərslər dayandırılıb və buna görə də biz öz dərslərimizi onlayn formada davam etdirirdik. Onlayn dərslərimi öyrənməklə bərabər, buraxılış imtahanlarına da ciddi hazırlaşırdım. Lakin mən 9-cu sinifdən başlayaraq bu ilin mart ayına kimi repetitor müəllimləri vasitəsilə əlavə hazırlıqlar keçmişəm”.

© Sputnik / Rahim MuradovLənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı
Pandemiya zamanı birinci olmaq? 17 yaşlı oğlan sirləri açıqlayır - FOTO - Sputnik Azərbaycan
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

H.Abbaslı ikinci imtahandan da gözlənilən nəticəni əldə edəcəyi təqdirdə seçəcəyi ixtisasları da açıqladı: “3-4 ixtisas mənim hədəflərimdir. Bunlar “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”,  “Kimya mühəndisliyi” və "Kimya" ixtisaslarıdır. Mən inanıram ki, bu ixtisaslardan biri üzrə təhsilimi alacağam. 

Növbəti illərdə məzun olanlara isə məsləhətim odur ki, imtahan zamanı çalışsınlar həyəcanlanmasınlar. Sualların cavablandırılması və tapşırıqların həllində vaxtlarını səmərəli bölüşdürsünlər. Amma dərslərinə hazırlaşmaqları ilə bağlı konkret məsləhət verə bilmərəm. Çünki hər bir məzun özünə uyğun olaraq hazırlığını qurmalıdır”.

© Sputnik / Rahim MuradovLənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı
Pandemiya zamanı birinci olmaq? 17 yaşlı oğlan sirləri açıqlayır - FOTO - Sputnik Azərbaycan
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

Həsənin atası İskəndər Abbaslı isə oğlu ilə qürur duyduğunu və yüksək nəticə əldə edəcəyinə hər zaman inandığını vurğulayıb: “Mən Həsənin dərslərinə güclü hazırlaşmasına görə, məsuliyyətli olduğuna görə imtahanlardan yüksək nəticə əldə edəcəyinə inanırdım. O, əyləncəsinə də vaxt ayırırdı, amma dərslərinə daha çox hazırlaşırdı. Orta məktəbdə də nümunəvi şagird olub və bütün müəllimləri ondan razı qalıblar. Həsənin bir qardaşı var, Həsən kimi olmasa da, amma dərslərini yaxşı oxuyur. Hazırda 9-cu sinifdədir və inanıram ki, o da 11-ci sinfi bitirəndə yüksək nəticə əldə edəcək”.

Məlumat üçün bildirək ki, Həsən Abbaslı ölkədə keçirilən bir çox bilik və intellektual yarışlarda Lənkəranı layiqincə təmsil edərək qalib olub.

Xəbər lenti
0