07:40 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
148010

"Ardıcıllıq belə qurulub ki, teledərslər yayımlanır, sonra tapşırıqlarla şagirdlərin ümumi səviyyəsi öyrəniləcək, aprelin 20-dən sonra KSQ, BSQ ilə bağlı qərarlar qəbul edilib məktəblərə göndəriləcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Orta məktəbdə dərslərin təxirə salınması məktəbdaxili qiymətləndirmənin keçirilməsində də problemlər yaradıb. Müəllimləri narahat edən məsələ isə kiçik və böyük summativ qiymətləndirmənin necə keçiriləcəyi, yaxud bunların əvəz ediləcəyi ilə bağlıdır.

Təhsil İnstitutunun direktoru Emin Əmrullayev yaranmış vəziyyətin tənzimlənməsi ilə əlaqədar, yəqin ki, Nazirliyin məktəblərə təlimat göndərəcəyini qeyd edib. O bildirib ki, tədris yoxdursa, KSQ-dən danışmağın da mənası yoxdur: "Nəzərə alaq ki, bu qaydalar tədrislə əlaqəlidir və hazırda bütün ümumtəhsil məktəblərində tədris dayandırılıb. Bununla belə, təbii ki, qiymətləndirilmə aparılmalıdır. Artıq Təhsil Nazirliyi "Microsoft Teams" proqramı vasitəsilə məktəblilərə tapşırıqlar verməyə başlayıb. Bütün şagirdlər proqrama daxil olub, hər bir sinif, dərs üzrə ev tapşırıqlarını edəcəklər. Bu qiymətləndirmə məktəbdə keçirilən summativləri əvəzləmir, sadəcə şagirdlərin ümumi vəziyyəti ilə bağlı bizdə məlumat formalaşdırır. Ümumiyyətlə, ardıcıllıq belə qurulub ki, teledərslər yayımlanır, sonra tapşırıqlarla şagirdlərin ümumi səviyyəsi öyrəniləcək, aprelin 20-dən sonra dərsə qayıtdıqda tədris ilinin hansı formada istiqamətlənməsindən asılı olaraq KSQ, BSQ ilə bağlı qərarlar qəbul edilib məktəblərə göndəriləcək".

Sputnik Azərbaycan tədris olmadığı halda şagirdlərin qiymətləndirilməsinin necə aparılacağını araşdırıb.

Valideyn İradə Kazımzadə Sputnik Azərbaycan-a bildirib ki, onun iki övladı şagirddir. Müəllimlər valideynlərə xəbərdarlıq ediblər ki, qiymətləndirmə evə verilən tapşırıqları şagirdlərin mənimsəməsinə görə aparılacaq: "Bizim müəllimlər "Zoom" və "Whatsapp" üzərindən dərslər keçirlər. Uşaqlardan da tələb olunur ki, dərsə cavab versinlər. Müəllimlərin dediyinə görə, qiymətləndirmə buna görə aparılacaq".

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərib: "Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət plnlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyi 11 martdan etibarən Mədəniyyət TV-də teledərs layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. Virtual məktəb layihəsi isə evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələrinə imkan yaradır. Bunu olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığının təmin olunmasıdır. Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydəndüşmə olacaq.

Hesab edirəm ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin virtual məktəb layihəsi tam şəkildə proqramı əhatə edir. Amma ilk vaxtlar istifadəçilərin qeydiyyatdan keçməklə bağlı probleminin olması hal-hazırda yaranmış çətinlikdir. Bundan başqa, 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Belə ki, hal-hazırda mövcud internet qiymətləri bahadır və şagirdlərin hamısı şəxsi kompüter, planşet və telefona sahib deyil. Sayt qeydiyyat üçün 2 apreldən aktiv edilib. Lakin görünən budur ki, qeydiyyat zamanı texniki qüsurlar əmələ gəlir. Lakin buna baxmayaraq qısa müddətdə "Virtual məktəb" portalında 150 min şagird qeydiyyatdan keçib ki, bu sevindirici haldır.

Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, "Virtual məktəbə" qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. Dərsin onlayn formada keçirildiyi müddət üçün məktəbdaxili qiymətləndirmə müxtəlif formalarda həyata keçirilə bilər.

Bu, Bakı və bölgələr üzrə fərqli tətbiq ediləcək. Bakı şəhərində regionlarla müqayisədə onlayn xidmətlərdən yararlanma faizi yüksəkdir. Amma bölgələrdə bu, problemdir. Ona görə də təkliflərdən biri odur ki, şagirdlərə birinci rübün qiyməti ikinci rübdə saxlanılmaqla onlar sinifdən-sinfə keçirilsinlər. Digər variant odur ki, monitorinq və diaqnostik imtahan keçirməklə onlara rüblük və illik qiymətlər yazılsın. Amma bütün hallarda onlayn KSQ və BSQ-nin keçirilməsi mümkün deyil.

Çünki bütün şagirdlər bu prosesdə eyni vaxtda iştirak edə bilməzlər. Bütün hallarda fərqli yanaşma bu prosesdə əsas rol oynayacaq. Düşünürəm ki, aşağı sinif şagirdlərinin biliklərinin sadə KSQ, BSQ ilə onlayn qaydada yoxlanılması mümkün ola bilər. Amma yuxarı siniflərdə bu alınmayacaq. Çünki ibtidai siniflərdə KSQ, BSQ-lərin sayı azdır".

Təhsil Nazirliyi yanında Təhsil Şurasının üzvü Nadir İsrafilov isə Sputnik Azərbaycan-a bildirib ki, xeyli texniki imkanların olmasına, internet üzərindən elektron dərs metodlarının tətbiqinə baxmayaraq, təhsilalanların bilavasitə tədris prosesindən kifayət qədər ayrı düşməsinin, heç şübhəsiz ki, onların bilik, bacarıq və vərdişlərinə təsirsiz ötüşməyəcəyini hamı dərk edir: "Belə bir vəziyyətlə ilk dəfə rastlaşdığımızdan konkret proqnoz vermək də xeyli çətinləşir, öncəgörənlik etmək isə, əslində cəmiyyəti yanlış istiqamətə yönəltmək anlamına gəlir. Hər şey bizim iradəmizdən deyil, hadisələrin sonrakı gedişindən, proseslərin necə davam edəcəyindən asılıdır. Buna görə də hələ ki, nəzərdə tutulduğu kimi aprelin 20-sini gözləməli, sonraki gedişata müvafiq addımlar atmalıyıq..."

Əlaqədar

Təhsil onlayn dərslərə keçib, tələbələr qoşulmağa internet tapmır
Məleykə Abbaszadə imtahanların vaxtını dəqiq deyə bilmir - bu da riyazi izahı
İmtahanlar pulsuz oldu - Abituriyentərə yeni xəbər
Distant təhsil məktəbinə maraq bu günlərdə daha böyükdür
Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb

Əsas mövzular