İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 3 aprel — Sputnik. Hal-hazırda qüvvədə olan qərara görə, orta və ali məktəblər ən yaxşı halda aprelin 20-dən sonra yenidən tədris prosesini bərpa edə bilər.
Bəs yaranan bu məsafə daha çox kimə təsir edəcək?
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər.
Onun fikrincə, narahatlıq doğura bilən siniflər 9 və 11-ci siniflərdir. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir: “Düzdür, əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulurdu. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda - mart ayının 20-nə, tətilə görə isə 27-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olmamalı idi. Digər tərəfdən isə kurikulumun tələbinə görə, şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar – dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır və həmin bacarıqlar 10-15 gün ərzində unudula bilməzdi. Lakin ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu. Belə ki, 4472 orta məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə ən azı 60 gün təhsildən kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir”.
Mütəxəssis hesab edir ki, tədris prosesinin pozulması buraxılış sinif və kurslarında təhsil alanların işini çətinləşdirir. Onların iyun və oktyabr ayında hərbi xidmətə çağırılacağını nəzərə alsaq, xüsusi hal kimi onlara hərbi xidmətdən möhlət hüququ verilməlidir: "Hazırkı qanunvericiliyə görə, yaşı tamam olmuş və sağlam oğlan uşaqları müddətli hərbi xidmətə çağırılırlar. Amma 11 sinif şagirdlərinə bütün imtahan və qəbul prosesi başa çatana qədər hərbi xidmətdən möhlət hüququnun veriləcəyini düşünürəm. Bütün hallarda hətta oktyabr və noyabr ayları olsa belə, qəbul imtahanları keçiriləcək. Bu həyata keçirilməsə müəyyən spesifik ixtisaslar üzrə sonradan kadr çatışmazlığı yarana bilər. Bu eyni zamanda ali təhsil müəssisələrinin normal iş rejimini də pozar".
Kamran Əsədov qeyd edir ki, koronavirus dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişib. Belə ki, hamı birdən-birə yeni, virtual dünyaya daxil olub. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərib.
"Artıq onlayn, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanunvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir", – deyə ekspert vurğulayıb.
Onun fikrincə, aşağı siniflərdə övladları təhsil alan valideynlər də tətil müddətində əlavə çalışma və tapşırıq materialları alıb uşaqların mütəmadi dərs işləməsinə nəzarət etməlidir.
Bunlardan əlavə, 9 və 11 siniflərdə təhsil alan şagirdlər Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalından mövzuların izahatını izləməli, DİM-in okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə etsinlər.
"Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə, distant onlayn təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq. Koronavirus pandemiyasından sonra da onlayn təhsilin davam edəcəyini düşünürəm. Çünki bu təhsilin əlçatımlılığı üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant təhsil xərcləri də azaldacaq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməsinə imkan verəcək", – ekspert hesab edir.
K.Əsədov vurğulayıb ki, təhsil verənlər üçün təhsil alanlara lazimi bilik və bacarıqları çatdırmaqdan ötrü onlayn sistemdə böyük yer lazım deyil, lazımı avadanlıqlar qurulmuş balaca otaqlar da yetərlidir, bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq: "Pandemiyadan sonra hətta qəbul imtahanlarının, elektron ərizə qəbulunun onlayn olması mümkündür. Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə biləcəklər. Dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb. Ümumilikdə bizi yeni bir dövr gözləyir".