09:17 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
1009 0 0

"Müəllimlər də teledərslərin davamı olaraq şagirdlərlə skype və vatsap üzərindən görüntülü bağlantı qurmalıdırlar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. Son günlərin ən çox müzakirə olunan mövzularından biri məktəblərdə tətil müddətinin necə əvəzlənəcəyi məsələsidir. Artıq bu gündən başlayaraq Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında "Dərs vaxtı" adlı teledərslərə start verilib. Həftənin 5 günü saat 10-dan 16-dək teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. Sputnik Azərbaycan teledərslərin boş keçən dərsləri şagirdlərə necə mənimsədəcəyini araşdırıb.

Təhsil Nazirliyinin Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ibtidai siniflərdə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi", "Təsviri incəsənət", "Xarici dil", V-XI siniflərdə isə "Azərbaycan dili", "Riyaziyyat", "Xarici dil", "Tarix", "Coğrafiya", "Kimya", "Fizika", "Biologiya" fənləri üzrə qısa videodərslər təqdim ediləcək. Şagirdlərə dərs cədvəlinə diqqət etmək, məşğələləri "Dərs vaxtı"nda öyrənmək tövsiyə edilir".

O ki qaldı efir vasitəsilə dərsləri mənimsəyə bilməyənlərə, nazirlikdən bildirirlər ki, "dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər: "Tətil zamanı dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az elektron portallarından istifadə də mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir. Bundan əlavə, Təhsil Nazirliyinin video.edu.az portalına 1280-dən çox videodərslər yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılmaqdadır. Portalda 3D animasiyalı videolar, "Khan Academy" dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır".

Məktəblərin birində, arxiv şəkli
© AR Ministry of Education.

Təhsil Nazirliyi yanında Təhsil Şurasının sədri Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, teledərslər təşkil edilməsi müsbət haldır. Amma bu dərslər vasitəsilə şagirdlərin boş keçən dərsləri tam mənimsəməsi mümkün deyil: "Koronavirusun yayılması ölkəmizdə distant təhsil sisteminin vacibliyini bir daha gündəmə gətirdi. Məktəblərdə distant təsilin, e-təhsilin tətbiqinə tez keçmək lazımdır. Bunun iki xeyri var. Birincisi sağlamlığı qoruyuruq, İkincisi, müasir metodologiyanı mənimsəyirik. Bilən yoxdur, bu koronovirus nə vaxta qədər davam edəcək. Virusun yayıma coğrafiyasına uyğun olaraq çoxlu əlavə təhsil tədbirləri də tətbiq etmək olar. Bunun üçün isə təhsilin bütün subyektləri səfərbər olmalıdır. Təhsil Nazirliyi, məktəb direktorları, müəllim və valideynlər teledərslərin effektli olması üçün birgə səy göstərməlidirlər. Məsələn, müəllimlər tərəfindən "WhatsApp" qrupları yaradıla, uşaqlara görüntülü şəkildə dərslər izah edilə bilər".

Bununla belə Ş. Əsgərov deyir ki, riyaziyyat, fizika və kimya kimi fənlərin teledərslər vasitəsilə tam izah edilməsi və mənimsədilməsi mümkün olmayacaq: "Riyaziyyat elə fənndir ki, mütləq müəllim bu fənni canlı tədris etməlidir. Ona görə də, müəllimlər də teledərslərin davamı olaraq şagirdlərlə skype və vatsap üzərindən görüntülü bağlantı qurmalıdırlar".

Qeyd edək ki, teledərslərin təşkili valideynlər tərəfindən müsbət qarşılansa da, onlar bəzi məqamların nəzərə alınmadığını söyləyirlər. Valideynlər bildirir ki, uşaqlar evdə onların nəzarəti olmadan bu dərsləri izləyə və anlaya bilmirlər. Digər məsələ isə teledərslərlə bağlı cədvəlin açıqlanmamasıdır. Valideynlər bildirir ki, Nazirliyin həyata keçirdiyi bu efir layihəsində günün hansı saatlarında hansı siniflər üçün hansı fənlərin izah olunacağı proqram formasında tərtib olunmalıdır ki, şagirdlər həmin saatda efiri izləsinlər. Bundan əlavə teledərs layihəsində rus bölməsinin nəzərə alınması, teledərslərin Youtube-də yerləşdirilməsi təklif edilir.

Turistlər Bakıda suvenir mağazasında, arxiv şəkli
© Sputnik / Murad Orujov

Teledərslərin səmərə verib-verməyəcəyi hələ sual altında olsa da, təhsil naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirib ki, orta məktəblərdə şagirdlərin buraxılmış dərslərin əvəzinə keçirilən videodərsləri nə qədər mənimsəyə bilməsi, bu sahədə neçə faiz boşluğun olması ilə bağlı daha ətraflı məlumatın əldə edilməsi məqsədilə tədris bərpa olunduqdan sonra məktəblərdə seçmə üsullarla qiymətləndirmə həyata keçirilə bilər. Tədris müddəti bərpa olunduqdan sonra buraxılmış dərslərin hansı formada kompensasiya edilməsi ilə bağlı son qərar verilməmişdən əvvəl həyata keçiriləcək. Nazir əlavə edib ki, həftənin sonundan başlayaraq, videodərslər vasitəsilə təqdim edilən mövzulara, orada verilən izahatlara uyğun olaraq, eyni zamanda şagirdlərin hər hansı çətinliyinin yarana biləcəyini nəzərə alaraq, təcrübəli mütəxəssislər vasitəsilə birbaşa bağlantılar həyata keçirməyi planlaşdırılır. Bu bağlantılar zamanı daha çox çətinlik yaradan məsələlərlə bağlı müzakirələrin aparılması və əlavə izahatların verilməsi planlaşdırılır.

Qeyd edək ki, koronavirusun yayılma təhlükəsi nəzərə alınaraq, martın 3-dən 27-dək ölkənin bütün təhsil müəssisələrində tədris dayandırılıb. Teledərslər də martın 27-dək davam etdiriləcək.

Əsas mövzular