20:08 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
72910

Ekspert məktəblərdə sıxlığın bir səbəbinin də təhsildə keyfiyyət və nüfuz məsələləri ilə bağlı olduğunu söyləyir. Onun sözlərinə görə, Bakıda prestijli məktəblər var ki, bir çox valideyn uşağının həmin məktəblərdə təhsil alması üçün rüşvət belə verməyə hazırdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Paytaxtda əhali sıxlığı artdıqca, sosial təyinatlı obyektlərin tikilməsinə ciddi zərurət yaranır. Bu mənada Bakı və Abşeronda ən böyük problem, məktəb çatışmazlığıdır.

Paytaxt üçün çox ciddi problemə çevrilən bu məsələyə artıq ölkə başçısı səviyyəsində reaksiya verilib. Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən problemə toxunaraq deyib ki, hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar: "Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir".

Sputnik Azərbaycan Bakı və Abşeronda məktəblərdə sıxlığın yaranma səbəbləri və çıxış yollarını araşdırıb.

Miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı və ətraf ərazilərdə əhali sıxlığının yaranma səbəbləri çoxdur. S. Məmmədov urbanizasiya nəticəsində xeyli sayda əhalinin Bakıda məskunlaşdığını söyləyir. Ekspert bildirir ki, həmin şəxslər Bakıda və Abşeronda yaşasalar da öz doğulduqları yerlərdə qeydiyyatdadırlar: "Son siyahıyaalınmanın mahiyyəti o idi ki, həmin şəxslərin faktiki yaşayış yeri dəqiqləşdirilsin. Bu gün məktəb çatışmazlığının bir səbəbi həmin əhalinin paytaxtda və Bakı ətrafında nizamsız yerləşməsidir. Bələdiyyələr tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlar əhaliyə satılaraq böyük yaşayış massivlərinə çevrildi. Bu gün həmin yaşayış massivlərində qaz, su, kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur problemləri var. Həmin problemlərdən biri də, təhsil ocaqları, bağçalarla bağlıdır. Əhali sayı artdıqca həmin yaşayış massivlərində, qəsəbələrdə və yaxın ərazilərdəki məktəblərdə şagird sıxlığı yaşanır. Ailələr bağçada uşaqlarını qoymağa yer tapmırlar. Ona görə də, problemdən bir çıxış yollarından biri yer tapıb yeni məktəb tikməkdirsə, ikinci yol köhnə məktəbləri söküb yerində yeni məktəblərin inşasıdır".

S. Məmmədov deyir ki, Abşeronda yaranmış sıxlıq isə pis idarəetmənin nəticəsidir: "Xırdalan şəhərində yaşayış binaları iç-içə tikilir. Amma infrastruktur buna uyğun qurulmur. Binaların inşasına icazə verilərkən infrastruktur, sosial obyektlər nəzərə alınmalıdır”.

Ekspert məktəblərdə sıxlığın bir səbəbinin də təhsildə keyfiyyət və nüfuz məsələləri ilə bağlı olduğunu söyləyir. Onun sözlərinə görə, Bakıda prestijli məktəblər var ki, bir çox valideyn uşağının həmin məktəblərdə təhsil alması üçün rüşvət belə verməyə hazırdır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə sıxlığın yaranmasının bir səbəbi əhalinin sıx məskunlaşmasıdırsa, digər səbəblərdən biri tədrisin keyfiyyəti ilə bağlıdır: "Bakının bu başından o başına şagirdlər dərsə gedirlər. Hansı ki, onların yaşadığı yerdə, eləcə də yaxınlıqda məktəb var. Həmin uşaqların şəhərin mərkəzinə məktəbə gəlməsinin əsas səbəbi həmin məktəbdə dərsin keyfiyyətidir. Təhsil Nazirliyi çalışmalıdır ki, tədrisin keyfiyyəti bütün məktəblərdə yüksək olsun. Bakıətrafında hansısa bir qəsəbədə yaşayan valideyn uşağını şəhərdə yerləşən başqa məktəbə aparmasın".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda paytaxtın bəzi ümumtəhsil müəssisələrində müşahidə olunan sıxlığın əsas səbəbi, əhalinin paytaxtda sıx məskunlaşmasıdır. B. Məmmədov deyir ki, bəzən "yaxşı məktəb" sorağı ilə Bakının mərkəzi məktəblərinə də axın müşahidə olunur: "Odur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi birinci siniflərə şagird qəbulunda ərazi prinsipini əsas götürüb. Artıq sıxlıq olan məktəblərdə ilk öncə o məktəbin əhatə etdiyi ərazidə yaşayan uşaqları qəbul edilir. Yer qaldığı halda kənar ərazilərdə yaşayan uşaqlar müsahibə yolu ilə məktəbə qəbul olunurlar. Bakı şəhərinin bəzi ümumi təhsil məktəblərində şagird sıxlığı müşahidə olunur. Bu da təbii ki, əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika ilə bağlıdır. Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzi hissəsindəki və Bakıətrafı qəsəbələrdəki bəzi məktəblərdə özünü göstərir. Qeyd edək ki, bu tendensiya əsasən Sabunçu, Xəzər və Binəqədi rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə müşahidə olunur".

B. Məmmədov məktəblərdə şagird sıxlığı ilə bağlı problemin aradan qaldırılması üçün yeni məktəb korpuslarının da inşa olunduğunu deyib.

Əsas mövzular