15:39 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
 İmtahan, arxiv şəkli

Total savadsızlığa doğru: adı dilə yatmayan sistem beyinləri yatırır

© AFP 2019 / FREDERICK FLORIN
ELM
Qısa URL
768 0 0

"Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar bunu anlayalar" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Dövlət İmtahan Mərkəzinin cari ildə açıqladığı statistikaya görə, 9-cu siniflərin riyaziyyatdan 1-ci mərhələ (kurrikulum üzrə) buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olub. Ölkə üzrə 50 faiz 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarıb. Bu isə doqquzuncuların tam yarısının sıfır bal toplaması deməkdir.

Təhsil Nazirliyi
© AR Təhsil Nazirliyinin mətbuat xidməti

Bu nəticələr bəzi ekspertlər tərəfindən kurrikulum sisteminin özünü doğrulda bilməməsi anlamına gəlir.

"Bu mənzərənin dəyişdirilməsi üçün nələrin edilməsinə gərək var?" sualına cavab olaraq təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu cür mənfi nəticələrin dərslik dilinin çətinliyindən qaynaqlandığını bildirib: "Orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərsliklər çoxistiqamətli ekspertlər tərəfindən işlənilməlidir. Dərslik auditoriyaya hesablanmalıdır. Bundan başqa, onun hansı şagirdə təqdim ediləcəyi, şagirdin parta arxasında əyləşmək üçün səbri də ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidirlər. Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissi yaradır".

"Hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə səbəb olur. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar bunu anlayalar. Bundan başqa, ev tapşırıqları həddindən artıq çox olduğu üçün həm uşaq, həm də biz yoruluruq. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir. Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurrikuluma uyğun olaraq verilməməlidir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər", - deyə həmsöhbətimiz əlavə edib.

K.Əsədov bildirir ki, Təhsil Nazirliyinin bu istiqamətdə əməli və köklü iş görəcəyinə inanmır: "Birincisi, ona görə ki, Şura üzvlərindən bu istiqamətdə ixtisaslı kadr yoxdur. İkincisi, Şuranın bu imtahanın nəticələrini təhlil edə biləcək resursu yoxdur. Bu istiqamətdə İctimai Şuradan bir şey gözləmək absurd olardı".

O, bununla yanaşı, əldə olunan müsbət nəticələr haqda danışıb: "11-ci sinif şagirdləri üçün 2019-cu il aprelində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlandı. Aprelin 14-də imtahanda iştirak etmiş 28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib. Amma həmin ayın 7-də  keçirilmiş buraxılış imtahanında iştirak etmiş 27660 nəfər şagirddən 2-si onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb. 7 aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. 

Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyillər və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanda iştirak edən 56294 şagirddən 2 nəfəri maksimum nəticə göstərib ki, bu da çox aşağı nəticədir. Buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür".

P.S. Qeyd edək ki, yazı hazırlanarkən Təhsil Nazirliyinin də mövqeyini öyrənmək istədik. Lakin bir həftə gözləməyimizə baxmayaraq, nazirlikdən sorğumuza cavab verən olmadı!

Əsas mövzular