Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 12 sentyabr — Sputnik. "Bu tədris ili təkcə İstanbulda 1000-ə yaxın azərbaycanlı uşaq təhsildən kənar qalıb".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Türkiyədə yerləşən "Milli Qəhrəman Mübariz İbrahimov adına Azərbaycan məktəbi"nin direktoru İxtiyar Abdal söyləyib. O, bildirib ki, 2019-2020-ci tədris ili üzrə 150 azərbaycanlı uşaq İstanbulda "Milli Qəhrəman Mübariz İbrahimov adına Azərbaycan məktəbi"ndə təhsil alacaq.
İ.Abdal Türkiyədə belə məktəblərə çox ehtiyac olduğunu, lakin hazırda azərbaycanlı uşaqların təhsil alması üçün iki məktəbin fəaliyyət göstərdiyini söyləyib. Onun sözlərinə görə, hazırda Türkiyənin müxtəlif bölgələrində təhsildən kənarda qalan xeyli sayda azərbaycanlı uşaq var. Onlar əsasən Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa, Bayrampaşa, Sultanpaşa ərazilərində, eləcə də İğdır, Ankara, Bursada yaşayırlar: "Türkiyədə ümumilikdə təhsildən kənar qalan uşaqların sayı minlərlədir. Onların sayı günü-gündən artır".
İxtiyar Abdalın sözlərinə görə, Türkiyədə "Milli Qəhrəman Mübariz İbrahimov adına Azərbaycan məktəbi"ndən əlavə, "Hüseyn Cavid adına orta ümumtəhsil məktəbi" də fəaliyyət göstərir. 150 azərbaycanlı uşağın təhsil aldığı "Zəhra ana" məktəbi isə məsciddə fəaliyyət göstərdiyi üçün bağlanıb.
Qeyd edək ki, Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlı uşaqların təhsil problemi son günlər mediada tez-tez gündəmə gəlir. Məlumatlara görə, Azərbaycandan Türkiyəyə işləmək üçün gedən ailələrin uşaqları bu ölkədə təhsildən kənar qalırlar. Onlar arasında Azərbaycanda doğulan uşaqlar da var, Türkiyədə dünyaya göz açanlar da.