19:59 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Müəllimlərin imtahanı, arxiv şəkli

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

© Foto: REPORT
ELM
Qısa URL
158702

"Əgər müəllimləri sertifikasiyadan keçiririksə, nəyə görə ali təhsil müəssisələri müəllim kadrlar hazırlayırlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. "Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində hansısa bir işçinin işdən azad olunması nəzərdə tutulmayıb". Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Onun sözlərinə görə, bu vaxta kimi nazirlik tərəfindən yalnız müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Gələcəkdə müəllimlərin sertifikasiya və attestasiyası həyata keçirilə bilər: "Amma bununla bağlı hansısa konkret göstəriş yoxdur. Qiymətləndirmə nəticəsində müəllimlərin işdən çıxarılması nəzərdə tutulmayıb. Yalnız sertifikasiya və attestasiya nəticəsində işdən çıxarılma ilə bağlı qərarlar ola bilər".

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında, Azərbaycan müəllimlərinin attestasiyadan sonuncu dəfə 1994-cü ildə keçdiyini deyib: "Ötən dövrdə ölkəmizdə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməyib. 2014-cü ildə isə müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilməyə başlayıb. Məlum olub ki, 4500-dən çox orta ümumtəhsil məktəbində çalışan 150 mindən çox müəllimin 40 faizi tədris etdiyi ixtisas fənni üzrə minimum bilik və bacarıqlara malik deyil".

Əsədovun sözlərinə görə, əgər müəllimlərin əmək haqqını, təhsildə keyfiyyəti artırmaq istəyiriksə, daim onların bilik və bacarıqlarını yoxlamalıyıq: "Amma bu, o demək deyil ki, bilik və bacarıqlara dair tələblərə cavab verməyənlər təhsildən uzaqlaşdırılmalıdır. Heç bir halda attestasiyadan və sertifikasiyadan keçməyən müəllimlər işdən azad edilə bilməzlər".

"Əmək Məcəlləsinin 67-ci və 70-ci maddəsinə görə, attestasiyadan keçməyən müəllimlərin işdən azad olunma məsələsi qanunvericiliklə tənzimlənir və müəyyən olunur. Attestasiyanın qərarları yalnız tövsiyə xarakterlidir. Onu işdə saxlayıb-saxlamamaq müəssisə rəhbərinin səlahiyyətində olan bir məsələdir. Əmək Məcəlləsinin tələblərinə görə, attestasiya nəticəsində müəllimlərin işdən azad edilməsi yolverilməzdir" — həmsöhbətimiz əlavə edib.

Ekspertin fikrincə, attestasiya götürən şəxslərin özlərinin hansısa bir imtahan verdiklərini ortaya qoymaq lazımdır: "Müəllimdən imtahan götürən şəxsin özünün bilik və bacarıqları ondan artıqdırmı, o həddə çatır, yoxsa yox? Attestasiya götürən şəxslərin özləri nə vaxtsa pedaqoji fəaliyyətlə məşğul olublarmı? Hesab edirəm ki, müəllimlərin "imtahan-imtahan" oyununu artıq başa çatdırmaq lazımdır".

"İlk növbədə həmin şəxslər düşünməlidirlər ki, müəllim 200-250 manat pula işləyir. Hər dəfə bir imtahan oyunu ilə müəllimləri sınağa çəkmək olmaz. Təhsilin keyfiyyətinin artırılması istiqamətində iş görmək lazımdır. Təhsilin keyfiyyətinin artırılması imtahanlarla olmur. Nəticəsi zəif olan müəllimlər təlimlərə cəlb olunmalıdır" — K. Əsədov vurğulayıb.

Sertifikasiya məsələsinə gəlincə, ekspert bildirib ki, Rusiyada müəllimlər hər il imtahan verirlər: "100 ballıq şkala üzrə onların əmək haqları müəyyən olunur. Sertifikasiyadan keçmiş müəllimlərin müəllimlik fəaliyyəti ilə məşğul olmalarına icazə verilir. Əgər biz müəllimləri sertifikasiyadan keçiririksə, nəyə görə ali təhsil müəssisələri müəllim kadrlar hazırlayırlar. Belə çıxır ki, bu sertifikasiya prosesinə keçmək ali təhsil müəssisələrinin hazırladığı kadrlara inanmamaq anlamına gəlir. Hesab edirəm ki, bunun mexanizmi tamamilə fərqli aspektdə həyata keçirilməlidir".

Nadir İsrafilov
© Sputnik / Murad Orujov
Nadir İsrafilov

Təhsil eksperti Nadir İsrafilov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 1999-cu ildə qəbul olunan Azərbaycanda Təhsil İslahat Proqramında göstərilir ki, müəllimlərin əməyinin stimullaşdırılması və əmək haqqına diferensial yanaşma məqsədilə rəhbər və pedaqoji kadrların attestasiyası keçirilsin: "Burada işdən çıxarılma anlayışı yoxdur. Attestasiyada müəllimlərə kateqoriyalar verilir. Müəllimlər attestasiyadan keçirilir, onların biliyi xüsusi komissiya tərəfindən qiymətləndirilir və onlara dərəcələr verilir — ali kateqoriya, 1-ci, 2-ci və 3-cü kateqoriya".

"Məsələn, ali kateqoriyalı müəllimin əmək haqqı 1-ci kateqoriyalı müəllimdən yüksək olur. Belə bir təcrübə sovet vaxtı da olub. Bütün müəllimlərə eyni əmək haqqı vermək olmaz. Təhsil qanunvericiliyinə əsasən, diaqnostik qiymətləndirmə başa çatdıqdan sonra attestasiya keçirilməlidir".

Onun sözlərinə görə, müəllimlərə sertifikatların verilməsi məsələsi düzgün deyil: "Müəllim attestasiyadan keçməlidir. Attestasiya haqqında Əsasnamədə səlahiyyət var ki, attestasiyadan keçə bilməyən müəllim müəyyən müzakirələrdən, pedaqoji şuranın qərarından sonra işdən azad ola bilər. Amma attestasiyanın məqsədi müəllimi işdən azad etmək deyil, müəllim əməyini stimullaşdırmaqdır".

Əlaqədar

Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı açıqlama
Ekspert: “Müəllimlərin tez-tez yerdəyişməsi təhsilin inkişafına xidmət etmir”
İmtahanda fırıldaq işlətmək istəyən dörd müəllim faş edilib
Müəllim və direktorların işə qəbulunun detalları bəlli oldu
Müəllimlərin və direktorların işə qəbulunun yeni qaydalarının özəllikləri
"Artıq müəllimlər daha məsuliyyətli olacaqlar"
Teqlər:
diaqnostik qiymətləndirmə, Sputnik Azərbaycan, Kamran Əsədov, Nadir İsrafilov, imtahan, Təhsil Nazirliyi, ekspert, Azərbaycan, müəllim

Əsas mövzular