21:12 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Orta məktəbdə dərs prosesi, arxiv şəkli

Təhsilimizin köhnə-yeni dərdi

© Photo : STR
ELM
Qısa URL
261820

"Adi orta fənn müəllimi dərsliklərin qiymətləndirilməsi ilə məşğuldur"

BAKI, 3 mart — Sputnik. Azərbaycanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) qaydaları dəyişdirilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyəti dövründə istifadədə olan bütün dərsliklərin elmi-metodiki monitorinqi aparılırdı. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə görə isə, dərsliklərin monitorinqi yalnız Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.

DİM-in Nizamnaməsində göstərilib ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək. Qeyd edək ki, indiyədək elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən təhsil eksperti Kamran Əsədov Azərbaycanda hələ də dərslik institutlarının fəaliyyət göstərmədiyini təəssüflə qeyd edib: "Dünya təcrübəsində dərslikləri nəşriyyatlar yazmır. Dərslik institutları olur, orada uzun müddət təcrübəyə malik, kurslar, treninqlər keçmiş müəlliflər tərəfindən bir neçə dərsliklər yazılır. Sonda ən yüksək qiymətləndirilən dərslik keçir".

Kamran Əsədov, təhsil üzrə ekspert
© Photo : APA
Kamran Əsədov, təhsil üzrə ekspert

Ekspert bildirib ki, bu gün Azərbaycan dərslikləri çəkisi və ölçüsünü çıxmaq şərtilə heç bir digər meyar üzrə beynəlxalq standartlara cavab vermir: "Bizim dərsliklərin informasiya yükü çoxdur. Dünya təcrübəsində dərslik nə qədər sadə, əlçatan, oxunaqlı olarsa, yaxşı dərslik hesab olunur".

"Təhsil Nazirliyi bütün dərsliklərin monitorinqini sifariş verməlidir. Dövlət İmtahan Mərkəzi dərsliklərin həm də qəbul prosesinə uyğunluğunu yoxlayır. Bütün dərsliklərin monitorinqi aparılmasa, nəticədə dövriyyədə olan dərsliklər daha bərbad vəziyyətdə olacaq. Bu məsələnin maliyyələşməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Orta ümumtəhsil məktəblərində istifadə olunan bütün dərsliklər Dövlət İmtahan Mərkəzi tərəfindən yoxlanılmalıdır. Bu gün dövriyyədə olan kitablarda kifayət qədər ciddi nöqsanlar var" — Əsədov bildirib.

Onun fikrincə, bir mərkəz tərəfindən dərsliklərin qiymətləndirilməsi dünya təcrübəsində qəbul edilən mexanizm deyil: "Bir mərkəz tərəfindən yoxlanılarsa, qüsurlar gözdən qaça bilər. Təəssüf ki, dərsliklərin qiymətləndirilməsi şurasında olan ekspertlər müəlliflər qədər təcrübəli və savadlı deyillər. Ekspertlər dərslik müəlliflərindən savadlı olmalıdır".

Müsahibimizin sözlərinə görə, bununla əlaqədar müstəqil mütəxəssislərdən ibarət ayrıca bir qurum da yaradıla bilər: "Dünya təcrübəsində dərsliklərin qiymətləndirilməsini heç bir dövlət orqanı həyata keçirmir. Bunu müstəqil qurum həyata keçirir".

Təhsil eksperti Almaz Həsrət isə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda dərsliklərin hazırlanması ilə bağlı müəyyən işlərin görüldüyünü, ancaq bütün dərsliklərin həm Dövlət İmtahan Mərkəzi, həm də Təhsil Nazirliyi tərəfindən monitorinqinin aparılmasına ehtiyacın olduğunu deyib: "Bu, daha keyfiyyətli dərsliklərin ərsəyə gəlməsində mühüm rol oynaya bilər. Təəssüf ki, bəzən Təhsil Nazirliyinin ekspertlərinin bilik səviyyəsi dərslik yazan müəlliflərin bilik səviyyəsindən yüksək olmur. Belə olanda, onlar dərsliklərdə nöqsanları görə bilmirlər. Beləcə, müəlliflərin gözündən qaçan qüsurlar eləcə də çapa verilir".

Təhsil eksperti Almaz Həsrət
© Photo : PUBLIC DOMAIN
Təhsil eksperti Almaz Həsrət

A. Həsrətin sözlərinə görə, ekspertlərin seçiminə xüsusi diqqət verilməlidir: "Hər müəllim ekspert ola bilməz. Amma son zamanlarda görürük ki, adi orta fənn müəllimi dərsliklərin qiymətləndirilməsi ilə məşğuldur. Bu, nöqsanların aradan qalxmasına kömək etmir. Ancaq sevindirici haldır ki, DİM-də yüksək keyfiyyətli ekspertlərlə rastlaşırıq".

Onun fikrincə, Azərbaycanda dərsliklərin qiymətləndirilməsinə cəlb olunan müəllimlərin biliklərini, metodiki cəhətdən savadını yoxlayan ölçü meyarları olmalı, bunlara uyğun gələnlər ekspert adına layiq görülməlidir. Ekspertin bilik səviyyəsi müəllifin bilik səviyyəsindən aşağı olmamalıdır.

"Bütün dərsliklərin monitorinqi aparılmalıdır. 4-5 ekspertin rəyi ilə bu iş bitməməlidir. Dəsrliklərin qiymətləndirilməsi ictimaiyyətin geniş müzakirəsinə çıxarıla bilər" — A. Həsrət qeyd edib.

Əlaqədar

Uşaqlarımıza verilən "pulsuz" təhsil neçəyədir?
"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanacaq
Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”
Azərbaycanda məktəbə getməyərək təhsil almaq mümkün olacaq
Təhsil sistemimizi kökündən dəyişəcək qərar
Təhsil naziri bu rayona "gizli" səfər edib
İcbari məktəbəqədər təhsilə keçid ola bilər
Teqlər:
Almaz Həsrət, DİM, dərslik, Sputnik Azərbaycan, Kamran Əsədov, Dövlət İmtahan Mərkəzi, təhsil, Təhsil Nazirliyi, ekspert, müəllim

Əsas mövzular