Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 15 iyun-Sputnik. Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq təxminən yüz əlli il bundan qabaq ilk daxili yanma mühərrikləri yaradılıb. Bunlar yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğulardur. Daxili yanma mühərrikləri hazırda dünyada geniş istifadə olunsa da, onların faydalı iş əmsalı təqribən otuz faiz həcmindədir. Bu o deməkdir ki, mühərrikin yandırdığı hər on litr yanacağın yeddi litri itkiyə gedir, cəmi üç litri faydalı işə sərf olunur.
Ağstafa rayonunun Köçəskər kəndinin sakini Cəfər Əsgərov daxili yanma mühərriklərinin faydalı iş əmsalının artırılması ideyası ilə çıxış edib.
O, iddia edib ki, daxili yanma mühərriklərinin faydalı iş əmsalını artırmaq olar. Əsgərov deyib ki, onun konsepsiya şəklində işlədiyi üsul tətbiq olunarsa, bu, dünya yanacaq ehtiyatının az sərf olunmasına, qənaətlə işlənməsinə xidmət edəcək: "Mənim fikrimcə, bu üsulun dünyada tətbiqi nəticəsində ekologiyanın çirklənmə sürəti azalacaq, daha mükəmməl maşınlar yaradılacaq".
Cəfər Əsgərovun sözlərinə görə, daxili yanma mühərriklərinin faydalı iş əmsalının artırılması kosmosa da yol aça bilər. Yanacağın iki qat az istifadəsi nəticəsində insanlar kosmosa rahat və ucuz qiymətə gedib-gələ bilərlər: "Mən bununla bağlı bir çox fiziklə görüşüb, söhbətlər aparmışam. Fikrimi bəyənənlər də olub, heç bir arqument gətirmədən bu ideanın burada həyata keçirilməsinin mümkünsüzlüyünü bəhanə edib, söhbətdən yayınanlar da. Amma mən bilirəm ki, bu mümkündür. Təbii məsələdir ki, işin həyata keçirilməsi üçün zavod və onun üzərində işləyəcək mühəndislər lazımdır."
Əsgərov Cəfər Musa oğlu 1951-ci ildə Ağstafa rayonunun Köçəskər kəndində anadan olub. Bakı Energetika Texnikumunu fərqlənmə diploma ilə bitirib. 1979-cu ildən Doluya Qarşı Mübarizə Xidmətində və digər müəssisələrdə müxtəlif vəzifələrdə işləyib. Hazırda təqaüdçüdür.
Cəfər Əsgərovun ideyasını və onun sxemini nümayiş etdirdiyi videonu təqdim edirik: