14:22 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
RUSİYA
Qısa URL
26 0 0

Mütəxəssislərin fikrincə, əlavə sanksiyalar, çox güman ki, layihənin müddətini uzadacaq, amma hər bir halda Rusiya maneələri aşmağın yolunu tapacaq.

BAKI, 24 dekabr — Sputnik, Natalya Dembinskya. ABŞ-ın "Şimal axını – 2"-ni dayandırmaq cəhdləri bir nəticə vermədi. Qaz kəmərinin ölkə xaricindəki qurudan keçən hissəsinin tikintisi artıq başa çatıb. Hazırda Almaniya ərazisində dənizdə boruların döşənməsi prosesi gedir, daha sonra işlər Danimarka ərazisində davam etdiriləcək. Analitiklər bu fikirdədirlər ki, layihə artıq finiş xəttinə yaxınlaşır və hər bir halda başa çatdırılacaq. Ancaq kəmərin istismara başlama mərhələsində yenidən problemlərin yaranması mümkündür.

Hər şey hazırdır

"Qazprom" İdarə heyəti sədrinin müavini və "Gazprom-Eksport"un baş direktoru Yelena Burmistrova investisiya bankları ilə görüşdə bildirib ki, qaz kəmərinin ölkə xaricindəki qurudan keçən hissəsinin tikintisi artıq başa çatıb.

Dekabrın 11-də Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra bərpa edildi. 15 yanvar tarixindən etibarən isə Danimarka sularında boru döşənməsi prosesi başlayacaq. Burmistrovanın sözlərinə görə, dəniz sahəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

"Fortuna" borudöşəyən gəmisinə Rusiya Xilasetmə Xidmətinin "Murman" və "Baltiyski issledovatel" və digər təchizat gəmiləri kömək edəcək. Borudöşəmə xəttinin hər iki tərəfində dənizdə 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq: orada üzmək, suya dalmaq, lövbər salmaq, balıq tutmaq olmaz.

Analitiklər qeyd edirlər ki, indi, bəlkə də tikintinin ən çətin mərhələsi başlayıb. Çünki qışda Baltik dənizi çox fırtınalı olur, bundan başqa, ABŞ hələ də qaz kəmərini sanksiyalarla təhdid edir.

Cəhd göstərməyə davam

Oktyabr ayında layihəyə qarşı "Avropanın enerji təhlükəsizliyinin qorunması haqqında" PEESA paketi tətbiq olunmağa başladı.

 Əvvəllər bu məhdudiyyətlər borudöşəyən gəmilərin təkmilləşdirilməsi və təchizatı ilə bağlı xidmətlər göstərən, eləcə də avadanlıq və ya maliyyə təminatı ilə məşğul olan şirkətləri əhatə edirdi. İndi isə Rusiya gəmiləri ilə əməkdaşlıq edən sığorta və sertifikatlaşdırma şirkətləri də təhdid altındadır. Artıq ABŞ Konqresi tərəfindən təsdiqlənən sanksiyalar 2021-ci il üçün müdafiə büdcəsinə dəyişikliklərə daxil edilib. Nəticədə, sığortaçılar boru kəmərinin tamamlanması zamanı dəymiş ziyanı ödəmək üçün məsuliyyət daşımayacaq və sertifikatlaşdırma firmaları Almaniyaya qaz tədarükündən əvvəl qaynaqlanmış boruların etibarlılığını qiymətləndirə bilməyəcəklər. Mütəxəssislər qeyd edirlər ki, yeni sanksiyaların hansı təhlükələr doğurduğu hələ tam aydın deyil.

"Bir tərəfdən Konqres artıq bu qanun layihəsini qəbul edib, digər tərəfdən isə Donald Tramp sənədi imzalamayıb və Co Baydenin onu imzalayacağı da məlum deyil: birinciyə şələ-küləsini yığışdırıb Ağ Evdən getmək, ikinciyə isə ora yerləşmək üçün vaxt lazımdır. Üstəlik, Bayden ölkə iqtisadiyyatının acınacaqlı vəziyyəti ilə də məşğul olmalıdır", – deyə sənaye məsələləri üzrə müstəqil ekspert Leonid Xazanov qeyd edir.

Problemin həlli yolu tapılacaq

Almaniya artıq Ağ Evin bu planları həyata keçirəcəyi təqdirdə Bundestaqın əks tədbirlər hazırlayacağını bildirib. Xüsusilə, Alman İqtisadiyyat Nazirliyinin daxili sənədində bildirilir ki, Merkel hökuməti Avropa Şurası ilə koordinasiyalı hərəkətləri nəzərdən keçirir.

Layihə tərəfdaşları qeyd edirlər: Rusiya istənilən halda sanksiyaları dəf edib kəmərin tikintisini başa çatdıracaq.

"Borudöşəmə işləri davam etdiriləcək və bu qaz kəməri tamamlanacaq", – deyə Avstriyanın OMV AG neft şirkətinin baş direktoru Rayner Zele bildirib.

Oksford Enerji Araşdırmaları İnstitutunun mütəxəssisləri hesab edirlər ki, "Şimal axını – 2" layihəsi gələn yay deyil, növbəti qış mövsümündə tamamlana bilər. Yalnız bundan sonra qaz nəqli üçün sertifikat almaq mümkün olacaq. Əlavə sanksiyalar, çox güman ki, layihənin başaçatma müddətini uzadacaq, amma hər bir halda Rusiya maneələri aşmağın yolunu tapacaq. Amerikalılar layihəni dayandıra bilməyəcəklərini anlamalıdırlar", – deyə analitik qeyd edir.

İstismara veriləcəkmi?

Mütəxəssislər vurğulayırlar: dərin su sahələrində tikinti ilə əlaqəli bütün işlər artıq qadağan olunub. Ancaq maneələrə baxmayaraq, "Qazprom"un yerində saymaq fikri yoxdur. Əsas məsələ budur: "Fortuna" borudöşəyən gəmisi Danimarka ərazisində yalnız dayaz sularda fəaliyyət göstərəcək, yoxsa dərin sularda da işləyəcək? Tikinti sürəti və tələb olunan gəmilərin sayı bundan asılıdır.

"Qazprom" mülkiyyət zəncirini dəyişdirərək sanksiyaların nəticələrini minimuma endirməyə çalışır. Bu işə cəlb olunan bütün gəmilərin sahibi dəyişdirilib. Məsələn, əvvəl "Qazpromflot"a məxsus olan "Akademik Çarski" gəmisi indi Samara Enerji Fonduna aiddir", – deyə Rusiya hökuməti yanında Maliyyə Universitetinin mütəxəssisi və Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirir.

Lakin onun sözlərinə görə, nəticədə qaz kəmərinin tikintisi ilə bağlı ciddi problem gözlənilməsə də, kəmərin istismara verilmə mərhələsində çətinliklər yarana bilər. Fakt budur ki, ABŞ-ın 2021-ci il üçün müdafiə büdcəsində əksini tapmış sanksiyalar, əsasən, qaz kəmərinin istismarı ilə əlaqədardır. Bu sanksiyaların kifayət qədər sərt olacağı gözlənilir. Və bu məqamda avropalılardan çox şey asılıdır: onlar kəmərə qaz vurulmasına və istifadəsinə icazə verəcəklər, ya yox?

Teqlər:
sanksiya, ABŞ, Danimarka, Almaniya, Avropa, Rusiya, "Şimal axını-2", "Qazprom"

Əsas mövzular