07:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
39731

Rusiyanın Federal MDB, xaricdə yaşayan soydaşlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Agentliyi Rusiya universitetlərində pulsuz təhsil almaq istəyən xarici vətəndaşların açıq qəbulunu elan edib.

Rusiyanın Federal MDB, xaricdə yaşayan soydaşlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Agentliyi (Rossotrudniçestvo) Rusiya universitetlərində pulsuz təhsil almaq istəyən xarici vətəndaşların açıq qəbulunu elan edib. Agentliyin rəhbəri Lyubov Qlebova ali təhsil haqqında diplom arxasınca Rusiyaya kimin, nə üçün və nəyə görə gedə biləcəyi barədə RİA Novosti-yə müsahibə verib. O, müsahibədə deyib ki, Rusiya xarici vətəndaşların sayını artırmağa hazırlaşır.

- Lyubov Nikolayevna, pulsuz ali təhsil almaq üçün Rusiyaya hər il nə qədər xarici vətəndaş gəlir?

— Son üç ildir ki, Rusiya Federasiyası ali təhsil müəssisələrində pulsuz təhsil almaq üçün 15 min xarici vətəndaşı dəvət edir. Bu prosesə 400-dən çox Rusiya universiteti cəlb olunub. 2016-cı ildə biz ilk dəfə olaraq, qəbulu tamamilə açıq etmişik. Biz, digər ölkələrdən olan kolleqalarımızla da bunun necə təşkil olunduğunu müzakirə edərək, bu il də elektron formada ərizələrin açıq verilməsi prosedurunu müəyyənləşdirmişik. Qəbul prosedurunda qlobal olaraq heç nə dəyişməyib, lakin o, daha asan və şəffaf olub (verilənlərin daxil edilməsi üçün vahid pəncərə yaradılıb, tez seçmə proseduru tətbiq edilib və s.). İnformasiya portalı əvvəllər bu prosesi çətinləşdirən bir sıra aralıq vasitələri aradan qaldırmağa imkan verir.

Dünyanın 198 ölkəsinin vətəndaşları Rusiya universitetlərində ən müxtəlif ixtisaslar üzrə (tibbi ixtisaslardan texniki istisaslaradək, nüvə fizikası da daxil olmaqla) oxumaq üçün öz ərizələrini göndərə bilərlər. Ayrı bir istiqamət rusistlər, linqvistlər və filoloqlar üçün müəyyənləşdirilib. Rus dili ilə əlaqədar olan hər şeyə hazırda xaricdə son dərəcə tələbat var.

- Rusiya dövlət kvotasından yararlanmaq istəyən xarici vətəndaş ilk olaraq nə etməlidir?

— www.russia.study portalında qeydiyyatdan keçmək lazımdır. Bu prosedur təqribən 20 dəqiqə vaxt aparır, iki ən sadə addımla yerinə yetirilir: xarici vətəndaş şəxsiyyətini təsdiq edir, elektron poçt açır, sonra ani olaraq təsdiqlənir. Poçt, potensial abituriyentlə sonradan tez və etibarlı əlaqəni saxlamaq üçün lazımdır. Ancaq onun buna operativ reaksiya verib-verməyəcəyi sonrakı təhsil prosesində şəxsi marağından asılıdır. Verifikasiyadan sonra namizəddə anketə giriş açılır. İstifadəçi buradan öz məlumatlarını, təhsil və şəxsi nailiyyətləri haqqında məlumatı daxil edir, təhsilin istənilən istiqamətini göstərir, həmçinin bir motivasiya məktubu yazır. Anket ölkə üzrə anketlərin ümumi siyahısına düşür. Sonra hər bir ölkə üzrə operator (hər bir ölkənin öz operatoru var) namizədin ilkin seçimini aparır.

- Ola bilər ki, bəzi xüsusilə istedadı olmayan xarici vətəndaşlar daha perspektivli Rusiya abituriyentlərinin yerlərini tutarlar. Belə olan təqdirdə, hansısa seçim meyarları, müsabiqə-filan nəzərdə tutulubmu?

— Dünyanın bir çox ölkələrində Rusiyanın Federal MDB, xaricdə yaşayan soydaşlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Agentliyinin (Rossotrudniçestvo) nümayəndəlikləri — Rusiya elm və mədəniyyət mərkəzləri var. Bu nümayəndəliklər bir neçə parametr əsasında (keyfiyyətli attestat, Olimpiadada iştirak etmə və namizədin digər üstünlükləri) iddiaçıların anketlərinin ilkin qiymətləndirilməsini təmin edirlər. Daha müvəffəqiyyətli və istedadlı gəncləri əyani və distansion müsahibəyə dəvət edirlər. Məsələn, hazırda Suriya ilə yalnız distansion seçim formatı mümkündür. Qeyd edim ki, biz Suriyadan olan tələbələri hökmən gözləyirik, onları Rusiya universitetlərində görməyə şad olarıq.

Tərkibinə Rusiya elm və mədəniyyət mərkəzlərinin, səfirliklərin, yerli təhsil nazirliklərinin və ictimai təşkilatların nümayəndələrinin daxil olduğu komissiya son seçimi aparır. Hazırda biz universitetlərlə danışıqlar aparırıq ki, onların əməkdaşları da həmin komissiyaya daxil olsunlar. Bu il pilot götürüldüyü üçün, seçim proseduru müsahibə və ya test keçirilmədən aparılacaq. Lakin gələn ildən olimpiada və test sistemi əsasında qiymətləndirmənin mükəmməl formasına keçməyi planlaşdırırıq. Hər bir ölkədə ayrı reytinq təşkil olunacaq. Seçimin daha bir elementi olimpiadalar olacaq. Bu üsuldan Rusiya universitetləri xarici ölkələrdə istifadə edir. Hazırda Rusiyanın Federal MDB, xaricdə yaşayan soydaşlarla iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Agentliyi bu istiqamətdə iş aparır.

- Seçimdən keçməyən iddiaçılar nə etməlidirlər?

— Əgər hər hansı bir xarici vətəndaşa 15 min abituriyent seçimi çərçivəsində kvota təklif olunmayacaqsa, ona Rusiya universitetlərində müqavilə ilə oxumaq təklif olunacaq. Bizim bir çox ali təhsil müəssisələrində təhsilhaqqının yüksək olmadığını nəzərə alaraq (bir sıra universitetlərdə bu il təhsil haqqı 1000-1500 avro təşkil edir), bir çoxları üçün bu formatın da maraqlı olacağını düşünürük.

- Hansı mərhələdə işə universitetlər özləri müdaxilə edirlər? Məsləhətli namizədlər konkret ali təhsil müəssisəsinə nə qədər vaxta daxil olurlar?

— Xarici vətəndaşın kvota çərçivəsində tədris üçün seçimi keçirildikdən sonra o, özü üçün 6 ali təhsil müəssisəsini seçir. Hansı universitetlərdə oxumaq istəyirsə, onları özü sıralayır. Sonra maraqlı bir mexanizm işə başlayır: hər bir universitet öz "elektron kabinetini" açır, bu və ya digər iddiaçının xeyrinə seçim edir. Əgər iddiaçı ilk olaraq üstün tutduğu ali təhsil müəssisəsinə düşməyibsə, onun məlumatları ikinci ali təhsil müəssisəsinə ötürülür. Beləliklə, abituriyent altıncı universitetədək çata bilər. Əgər altı təhsil müəssisəsindən heç biri onu seçməzsə, RF Təhsil və Elm Nazirliyi hər hansı bir digər universitetdə təhsil almaq üçün alternativ variantını təklif edir. İnanın, bu zəncirdə heç kim unudulmayacaq.

- Siz necə düşünürsünüz, Rusiya dünyada yüksək səviyyəli ali məktəbləri olan ölkə kimi qiymətləndirilir? Adamlar hansı səbəbdən ali təhsil arxasınca məhz Rusiyaya getməlidirlər?

— Birincisi, Rusiya mühəndis ixtisasları, təbiət elmləri, riyaziyyat istiqamətləri, filologiya və rusistika üzrə keyfiyyətli təhsil verir. Digər motivasiya plastını tibbi təhsil təşkil edir ki, bu istiqamət də xaricdə məşhurdur. Analoji situasiya mədəniyyətşünaslıq üçün də keçərlidir: rus musiqisi, teatr, kino əvvəlki kimi xarici vətəndaşlarda böyük maraq oyadır. Baxmayaraq ki, Rusiya təhsilində ağır vaxtlar olub, o, dünyada yenə də fundamental, kök salınmış və ayrı-ayrı fənnlərə görə fərqləndirilmiş şəkildə qiymətləndirilir.

İkincisi, Rusiyada təhsil və həyat, məsələn, Avropaya baxanda ucuzdur. Üçüncüsü, Rusiya bir neçə ölkə üçün lider ölkə sayılır. Hazırda müxtəlif ölkələrdə aparıcı vəzifələri tutan bir çoxları nə vaxtsa Rusiyada oxuyublar. İndi, onların uşaqları abituriyent yaşına çatdıqları zaman, Rusiya təhsilinə böyük maraq göstərirlər. Onlar gözəl anlayırlar ki, RF-da təhsil geniş dünyagörüşü, faydalı tanışlıqlar və düzgün istiqamət verir. Bu nəinki MDB ölkələrinə aiddir, həm də Asiya və Afrikanın inkişaf edən ölkələrinə, ayrı-ayrı Avropa ölkələrinə, həmçinin Latın Amerikası ölkələrinə də aiddir.

- Sizin fikrinizcə, bu lahiyə Rusiyaya nə fayda verəcək?

— İlk növbədə bu, Rusiyaya və universitetlərinə öz gələcəyini təmin etməyə, investisiyaları düzgün istiqamətə yönəltməyə imkan verir. Rusiya təhsili alan keyfiyyətli xarici tələbələr öz ölkələrinə qayıdarkən Rusiya Federasiyasına loyal qalırlar. Əgər onlar elmə bağlanırlarsa, o zaman Rusiya təhsil və elm təşkilatları ilə sıx əlaqələr yaradırlar. Ən motivasiyalı və tələb olunan tələbələr isə oxumağa və işləməyə davam edərək Rusiyada qalırlar. Əslində, biz bununla iqtisadiyyatımıza və təhsil sistemimizə lazım olan kadrları Rusiyaya cəlb edirik.

Bundan əlavə, Rusiya universitetlərində pulsuz tədris üçün kvotalar nəinki bakalavrlara, həmçinin magistr və aspirantlara da aiddir. Bu isə akademik mobilliyin birbaşa göstəricisi, tələbə mübadiləsi elementidir. Ali təhsil müəssisələri beynəlxalq səviyyədə əlaqələri qururlar. Oxumağa kvota ilə yox, müqavilə ilə gedən xarici tələbələrə gəldikdə isə, bu, universitetlər üçün hiss ediləcək dərəcədə qazanc deməkdir.

- Rusiyada oxumaq üçün dünyada çox da asan hesab edilməyən dil — rus dili lazımdır. Xarici tələbələr üçün dil dəstəyi təşkil olunacaqmı?

— RF-də bir çox universitetlərdə hazırlıq fakültələri fəaliyyət göstərir. Rus dilini tamamilə bilməyən xarici vətəndaşların bir hissəsi (belələri isə hər il təqribən 4 min nəfər təşkil edir), bütün il ərzində orada məhz dil hazırlığı ilə məşğul olurlar. Lakin hər bir belə tələbə üçün ildə 100 min rubl xərclənir. Dövlət pul, adamlar vaxt itirir. Bununla əlaqədar, gələcəkdə Agentlik (Rossotrudniçestvo) Rusiya universitetləri ilə birlikdə dünyanın müxtəlif ölkələrində hazırlıq fakültələri yaratmağı, orada rus dilinin tədrisi və testdən keçirmə mərkəzlərini açmağı nəzərdə tutur.

- Rusiyanın pulsuz təhsil təkliflərindən yararlanmaq istəyənlər çoxdurmu?

— Hazırda Rusiya universitetlərinin tələbəsi olmaq istəyənlərin yüksək aktivliyi müşahidə olunur. Adamlar zəng edir, sosial şəbəkələrdə suallar verir, portalda qeydiyyatdan keçirlər. Hələlik MDB ölkələrinin vətəndaşları daha böyük maraq göstərirlər. Bu da tamamilə gözləniləndir, çünki tələbələrin qəbulu haqqında məlumat rusdilli mühitdə daha tez yayılır. Rusiya ali təhsil müəssisələrində pulsuz təhsil üçün xarici vətəndaşların qəbulu hər il nəzərdə tutulan və uzunmüddətli lahiyədir. Bu layihənin dövlət əhəmiyyətli effektiv xarici siyasət aləti olduğunu nəzərə alaraq, gələcəkdə kvotaların sayını çoxaltmaq istəyərdik.

Əlaqədar

"Azərbaycan və Rusiya ortaq strategiya formalaşdırmalıdır"
Rusiyanın 3-cü adamı Bakıya ani səfər edib
Abxaziyada dərslər rus dilində aparılacaq
Teqlər:
Lyubov Qlebova, Rossotrudniçestvo, təhsil, universitet, elm, Rusiya, rus dili

Əsas mövzular