“Qlobal pandemiya da KOB-ların davamlı və dayanıqlı inkişafı üçün rəqəmsallaşmanın vacibliyini bir daha göstərdi. Azərbaycan hökuməti tərəfindən 2030-cu il üçün Milli Prioritetlər çərçivəsində hazırlanmaqda olan sosial-iqtisadi inkişaf strategiyasında KOB-ların rəqəmsallaşdırılması mühüm elementlərdəndir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Şərq Tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsallaşmasının təşviqi” mövzusunda təşkil olunmuş vebinarda İqtisadiyyat Nazirliyi tabeleyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
“Agentlik müxtəlif dəstək mexanizmləri, bilik və məlumatlılıq səviyyəsinin yüksəldilməsi və elektron infrastrukturun genişləndirilməsi vasitəsilə KOB-ların rəqəmsallaşdırılmasını təşviq edir: “Belə ki, Agentlik vasitəsilə təmin edilən daxili bazar araşdırmasının aparılmasına maliyyə dəstəyinin göstərilməsi, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi və “Startap” şəhadətnaməsinin verilməsi rəqəmsallaşma ekosistemini dəstəkləyən mühüm mexanizmlərdəndir. KOB-ların rəqəmsallaşma üzrə bilik və bacarıqlarının artırılması istiqamətində KOB inkişaf mərkəzləri tərəfindən həyata keçirilən təlim və məsləhət xidmətlərinin davamı olaraq onlayn təlim platforması yaradılmaqdadır” – deyə o bildirib.
Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz