Mayis Ağayev: “BNA yenilikləri reallaşdıracaq”
“Avtomobillərin parklanması sisteminin (parkomat) Bakı Nəqliyyat Agentliyinə verilməsi ilə bağlı hazırda təhvil-təslim prosesi aparılır”. Bunu Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.
M.Ağayev bildirib ki, təhvil-təslim prosesindən sonra yeniliklərin icrasına başlanılacaq: “Ötən iki ildə paytaxtın yol, nəqliyyat infrastrukturu ilə bağlı təhlillər aparmışıq. Xüsusən də parklanma ilə bağlı aparılan təhlillər zamanı çatışmazlıqların olduğu müəyyən edilib. Bəzi küçələrdə qanunsuz parklanmalar mövcuddur. Agentliyin prioritetlərindən biri parklanmalar üçün avtomatlaşdırılmış sistemin qurulmasına nail olmaqdır. Hazırda bununla bağlı işlər aparılır”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2 aprel tarixli fərmanı ilə parklanma yerlərinin təşkili və idarə edilməsi Bakı Nəqliyyat Agentliyinə tapşırılıb.
Mayis Ağayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz